"Maraqlı və kifayət qədər dinamik oyun izlədik. Hər iki komanda topa nəzarət etməyi sevən, mövqeli hücumlarda güclü çıxış edən və oyunu rəqibin meydanında qurmağa çalışan kollektivlərdir. "Hapoel" xüsusilə əks-hücumlarda çox təhlükəli və effektiv təsir bağışladı". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis "Sabah"ın İsrail təmsilçisi "Hapoel"ə 1:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Sabah" bəlkə də ilk dəfə idi ki, belə bir oyunda uzun müddət topsuz qalırdı. Matça tam neytral baxsaq, İsrail təmsilçisinin həm oyun baxımından, həm də yaratdığı təhlükəli epizodların sayına görə daha üstün olduğunu demək mümkündür. İlk qolu erkən buraxmalarına baxmayaraq, "Hapoel" panikaya düşmədi, oyun planından kənara çıxmadı və öz futbolunu oynamağa davam etdi. Bu da komandanın psixoloji baxımdan nə qədər hazırlıqlı olduğunu göstərdi. "Hapoel"in oyun üslubu mənə "Barselona"nın ən yaxşı vaxtlarını xatırlatdı. Topa sahib olduqları zaman səbirli oynayır, düzgün mövqe seçir və hücumları mərhələli şəkildə qururdular. Eyni zamanda, topu itirdikdən sonra da sürətli şəkildə reaksiya verirdilər. Bununla belə, rəqibin çatışmayan cəhətləri də az deyil. "Sabah" Bakıda öz meydanında oynayacaq və düşünürəm ki, ilk matçdan lazımi nəticələri çıxarıb həmin boşluqlardan istifadə edə bilər. Xüsusilə azarkeş dəstəyi və "doğma divarlar" amili komandamıza əlavə motivasiya verəcək. Hesab "Sabah"ın növbəti mərhələyə vəsiqə qazanmasına imkan verən nəticədir. Heyətdə bunu reallaşdırmağa qadir səviyyəli futbolçular kifayət qədərdir. Ona görə də şansların itdiyini düşünmürəm. Bakıda daha fərqli "Sabah" görə bilərik".

 

Təcrübəli mütəxəssis cavab görüşü ərəfəsində şansları da dəyərləndirib:

 

"Hazırkı vəziyyətdə həm oyun, həm də hesab baxımından şansları 60-ın 40-a "Hapoel"in xeyrinə qiymətləndirərdim. Rəqib təsadüfi qələbə qazanmayıb, bunu etiraf etmək lazımdır. Amma "Sabah"ın da bu cütün taleyini dəyişmək üçün kifayət qədər imkanları var. Əsas məsələ Bakıda oyuna düzgün yanaşmaq, ilk matçdakı səhvləri təkrarlamamaq və yaranacaq fürsətlərdən maksimum istifadə etməkdir".

 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.