Premyer Liqada uğurlu mövsüm keçirən “Sabah” Azərbaycan Kubokuna da I Divizion təmsilçisi “Qaradağ Lökbatan” üzərində 5:0 hesablı qələbə ilə başlayıb. Həmin qarşılaşmada rəqib qapısından 3 top keçirən Emmanuel Apeh “Sabah” tarixinə ilk het-trikin müəllifi kimi düşüb. 26 yaşlı nigeriyalı hücumçu Sport24.az-a müsahibəsində tarixi nailiyyətlə bağlı təəssüratlarını bölüşüb.

- Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a üzərində 5:0 hesablı qələbə qazandınız...

- Fikrimcə, yaxşı oyun oldu. İnamlı qələbə qazandıq. Qələbəyə görə çox şadam.

- “Sabah”ın tarixinə het-trik edən ilk futbolçu kimi düşdün. Hansı hissləri keçirirsən?

- Əsas komandanın qələbəsidir. Lakin əlbəttə ki, qol vurmaq çox gözəl hissdir. Mən bunun üçün buradayam. Bu matçda 3 qol vurduğuma görə çox sevinirəm.

- 1/4 finalda “Səbail”lə, onu keçsəniz isə “Qarabağ” – “Qəbələ” cütünün qalibi ilə qarşılaşacaqsınız. “Sabah”ın ölkə kubokunu qazanmaq perspektivini necə görürsən?

- Hələ cəmi bir mərhələ keçmişik. Kubok mübarizəsi yeni başlayıb. Buna görə də, məncə, kuboku qazanmaq barədə danışmaq bir qədər tezdir. Ümumiyyətlə, hər hansı titul yox, yalnız hər növbəti matçımız barədə düşünür, buna köklənirik.

- Yaxşı forma yığdığınız bir vaxtda çempionatda yaranmış fasilənin əleyhinizə işləməsindən ehtiyatlanmırsınız?

- Bundan narahat deyiləm. Düzdür, heyətdə milli üzvləri çoxdur. Ancaq bəzi oyunçuların istirahət etmək imkanı da yarandı. Daha güclü olmaq üçün istirahətə də ehtiyac var.

- Premyer Liqada fasilədən sonrakı ilk turda noyabrın 29-da “Turan Tovuz”un qonağı olacaqsınız. Ağır Tovuz səfərində nəyə ümid edirsiniz?

- Tovuzda bizi çətin oyun gözləyir. Bu matçda yaxşı nəticə qazanmaq üçün məşqlərdə ciddi hazırlaşacağıq. Ümumiyyətlə, çempionatda asan oyun olmur. Ümid edirəm, bu görüşdən qələbə ilə ayrılmağı bacaracağıq.

- Bu mövsüm Premyer Liqada vurduğunuz 4 qolun bir hücumçu üçün az olduğunu düşünmürsən?

- Əminəm ki, hər bir hücumçu daha çox qol vurmaq istəyər. Mən də həmçinin. Lakin daha çox komandamın uğur qazanmasına köklənmişəm. Komandamın qalib gəlməsi üçün əlimdən gələni edirəm. Qollar isə özü gələcək.

- Nigeriya yığmasının iştirak etmədiyi dünya çempionatında Afrika komandalarının çıxışını necə dəyərləndirirsən və mundialda hansı milliyə azarkeşlik edirsən?

- Fikrimcə, bütün Afrika komandalarının bu mundialda uğurlu çıxış etmək imkanı var. Ümid edirəm, bu çempionat onlar üçün uğurlu olar. O ki qaldı mənim kimi dəstəkləyəcəyimə, bütün Afrika təmsilçilərinə azarkeşlik edirəm.

 

 

KAMAL RZA