"Sabah"ın  baş məşqçisi Ramin Quliyev Gürcüstan toplanışında yerli "Şukura"ya qalib gəldikləri (1:0) yoxlama oyunundan sonra klubun saytına açıqlama verib. Sport24.az xəbər verir ki, 40 yaşlı mütəxəssis həm təlim-məşq toplanışını dəyərləndirib, həm də son oyunla bağlı fikirlərini bildirib: “Növbəti mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçdik. İyulun 15-dən Tbilisidə təlim-məşq toplanışındayıq. Hazırlığın ilk mərhələsində daha çox oyunçuların fiziki hazırlığının yaxşılaşdırılması istiqamətində çalışdıq. Tbilisi toplanışında isə fiziki hazırlıqla yanaşı, taktiki məşqlərə də üstünlük verir və yeni futbolçuları komandanın oyun üslubuna uğunlaşdırmağa çalışırıq. Burda 4 oyun keçirməyi nəzərdə tutmuşuq. Artıq bu oyunlardan biri, “Şukura” ilə matç geridə qaldı. Oyun baxımından xeyli artıracağımız komponentlər var. Bundan əlavə, deyə bilərəm ki, hələ komandanın tam formalaşmasını başa vurmamışıq"

Quliyev bu toplanışa xeyli gənc futbolçunu da cəlb etdiklərini vurğulayıb: "Bu, onlar üçün özlərini yaxşı tərəfdən göstərib, əsas komandanın daimi üzvünə çevrilmək baxımından yaxşı şansdır. Hələ ki, çempionat başlayana qədər vaxtımız var. Bu vaxtdan səmərəli istifadə edib, həm öz oyunumuzu təkmilləşdirməyə, həm də səhvlərimiz üzərində işləməyə davam edəcəyik”.

Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində növbəti oyununu yerli “Samqurali” klubuna qarşı keçirəcək. Matç iyulun 23-də, “Zestafoni” təlim-məşq bazasının stadionunda keçiriləcək.