UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Sabah" - "Orhus" cavab oyununun hakimlər briqadası dəyişdirilib. Sport24.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək cavab matçına əvvəlcədən təyin olunan portuqaliyalı hakimlərlə bağlı qərarını dəyişib.

 

Əvəzində qitə futbol qurumu fransalı hakimlər briqadasını "Sabah" - "Orhus" matçına təyin edib.

 

Qarşılaşmanın baş hakimi Villi Delajod olacaq. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. Bastien Deşepi VAR, Nikolya Rainvill isə AVAR kimi fəaliyyət göstərəcək.

 

Təyinat dəyişikliyinə səbəb "Sabah" - "Orhus" cütünün məğlubunun Portuqaliyanın "Benfika" komandası ilə qarşılaşmaq ehtimalının yaranmasıdır.

 

Püşə əsasən, bu cütdə məğlub olacaq komanda UEFA Avropa Liqasının pley-offunda "Benfika" - "Harts" cütünün qalibi ilə qarşılaşacaq. Portuqaliya təmsilçisi ilk oyunda "Harts"ı 6:1 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, "Sabah" - "Orhus" oyunu 11 avqustda "Bank Respublika Arena"da keçiriləcək. Danimarkada baş tutan ilk görüşdə "Orhus" 2:1 hesablı qələbə qazanıb