Ötən yay "Kəpəz"in "Qəbələ"dən icarəyə götürdüyü Rüfət Əhmədov Sport24.az-ın suallarını cavablandırıb. U-21 millisinin də şərəfini qoruyan müdafiəçi həm "sarı-göylər"dəki durumundan, həm də gələcək planlarından danışıb.


- Premyer Liqanın son turunda "Sabah"a məğlub olduz. Bu oyundan xal və ya xallar götürəcəyiniz halda elitada qalacağınızı rəsmiləşdirə bilərdiz. Istədiyiniz nəticəni əldə etmək üçün nə çatmadı?
- Komanda olaraq oyuna yaxşı başladıq. Sadəcə, əlimizə düşən fürsətləri boşa verdik. Fasiləyə qədər 3 real qol imkanımız oldu, amma son nöqtəni qoya bilmədik. 2-ci hissədə də pis təsir bağışlamadıq. 1 qol vursaq da, məğlubiyyətdən qaça bilmədik. Halbu ki, qalib gələ biləcəyimiz oyun idi.


- Necə düşünürsən, qarşıdakı 5 turda "Qəbələ" sizə çata bilər?
- Futbolda hər şey mümkündü. Ona görə də arxayınlaşmamışıq. Hesab edirəm ki, növbəti turda "Qəbələ"ni məğlub etsək, bütün narahatlığımızın üstündən xətt çəkə bilərik.


- Yayda "Kəpəz"lə icarə müqavilən bitir. Gələcək karyeran haqqında nə düşünürsən?
- Çempionatın sonunadək "Kəpəz"dəyəm. Bütün diqqətimi 5 oyuna kökləmişəm. Mövsümün sonunda danışıqlardan sonra bütün suallara aydınlıq gələcək.


- Həm "Qəbələ"nin yetirməsisən, həm də müqaviləylə bu kluba məxsussan. Amma hazırda "qırmızı-qaralar" ağır günlərini yaşayır. Bu barədə nə deyərdin?
- Uşaqlıqdan Qəbədələ böyümüşəm. Futbolun sirrlərini bu klubda öyrənmişəm. "Qırmızı-qaralar"ın əməyi üzərimdə böyükdü. "Qəbələ" elita təmsilçiləri arasında özünəxas tarixi olan klubdu. Ona görə də mənə doğma klubun elitadan düşməsini heç istəməzdim.

 

- "Qəbələ" növbəti mövsümdə I Liqada mübarizə aparası olsa və sənə ehtiyac yaransa, aşağı dəstədə köməyə yollanarsan?  
- Niyə də yox? Bu klub futbolçu kimi məni yetişdirib, üzə çıxarıb, pis-yaxşı günümdə də yanımda olub. "Qırmızı-qaralar"ın əməyini heç vaxt itirmərəm. Odur ki, pis gündə də "Qəbələ"nin yanında olacam. Hansı liqada mübarizə aparmağından asılı olmayaraq, daim orda olmağa hazıram.

ABDULLA İSMAYILOĞLU