"Oyun öncəsi danışmaq hər zaman çətindir. Qarşımızdakı rəqibin gücünü və təcrübəsini başa düşürük".
Sport24.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
42 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif"lə sabah keçiriləcək cavab oyununa həsr olunan mətbuat konfransında matç barədə danışıb: "Səfərdə qələbə qazanmışıq. Onlar Bakıya fərqli motivasiya ilə gəliblər. Qələbə qazanmağa çalışacaqlar. Biz də yaxşı hazırlaşmışıq. Qalır hazırlığımızı oyunda göstərmək. Bizi Moldovada olduğundan daha gərgin oyun gözləyir. İstərdik ki, oyun üstünlüyü ilk hissədən bizdə olsun. Hesabda önə keçək".
- Komanda penalti seriyalarına hazırlaşır?
- Penaltilər seriyasına hazırlaşmırıq. Bunu sevmirəm. Amma hər şeyə hazırlıqlı olmalıyıq. 1-2 top fərqi ilə uduzsaydıq da, bunu deyəcəkdim. İstərdik ki, mərhələnin taleyi 180 dəqiqənin yekununda bizim xeyrimizə bitsin.
- "Zirə" meydana "Şerif" keçmək, yoxsa qalib gəlmək üçün çıxacaq?
- Oyunun strategiyası ilə bağlı suallardan yayınacam. Oyun planını bölüşməyəcəm. Təbii ki, üstünlüyümüz var. Bu, hər iki komandaya təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişmək istəyəcəklər. Bizim də öz planımız var.