Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Belarusdakı təlim-məşq toplanışını və meydan sahibləri ilə keçirdikləri yoldaşlıq matçlarını dəyərləndirib. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis bəzi futbolçuları yoxlamaq imkanı əldə etdiyini deyib:

 

"İyunun 25-dən Minskdə təlim-məşq toplanışında olduq, iki yoldaşlıq görüşü keçirdik. Belə hazırlıqlar milli üçün çox önəmlidir. Əsas odur ki, futbolçular oyun praktikasını itirmirlər. Üstəlik, bəzi gənc qızları yoxlamaq imkanı yarandı. Belarus yığması ilə keçirdiyimiz ikinci yoldaşlıq oyununda səhvlərimiz ilk matçla müqayisədə daha az oldu. Hər iki qarşılaşmada milliyə yeni cəlb edilən gənclərə şans verdik. Fikrimcə, ikinci matçda daha yaxşı çıxış etdik. Xüsusən də birinci hissə maraqlı alındı, qol şanslarından yararlana bilmədik. İkinci hissənin əvvəlində adi səhvdən qol buraxdıq. Ondan sonra bərabərlik qolu üçün hücuma atıldıq və rəqib komanda boşluqdan istifadə edərək ikinci dəfə fərqləndi. Ümumilikdə bu təlim-məşq toplanışının bizə çox köməyi olacaq".

 

Qeyd edək ki, Azərbaycan millisi Belarusa qarşı keçirdiyi hər iki yoxlama matçında məğlub olub - 0:3, 0:2.