AFFA-nın layihəsi olan Region Liqasında yeni mövsüm startına hazırlaşır. Artıq püşkatma mərasimi də keçirilib. Region Liqasını keçirən AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev 2022/23 mövsümüylə bağlı Sport24.az-ın suallarını cavablandırıb.
- Region Liqasından mövsümdən mövsümə say artır və bu dəfə 42 komanda iştirak edəcək. Belə ajiotajı gözləyirdiniz?
- Əslində, artıq hazırlıq müddətində, liqada iştirakla bağlı komandalardan gələn müracətlərə baxdıqda bu mövsüm rekord sayı olacağı təxmin olunurdu. Belə deyək, bu cür artım gözlənilən idi. Nəzərə alsaq ki, hər mövsüm komanda sayı artır və bu il də artıq müraciətlərin sayı çox idi. İlkin təxminlərimizdən əmin idik ki, say ən yüksək həddə olacaq.
- Püşkatmaya gedən yola nəzər salaq - hazırlıqlar necə getdi?
- Bildiyiniz kimi, bizdə qeydiyyat iyundan start götürür və hətta o vaxtdan müraciət edən komandalar vardı. Avqustda yeni komandaların müraciəti üçün rəsmi elan verilmişdi. Oktyabrın 1-dək qeydiyyat prosesi idi. müraciət edən komandalaeın sayı kifayət qədər yüksək id. Amma bilirsiniz, Region Liqası üçün yüksək tələblər olmasa da, ilkin tələblər var ki, minimum onlar həll olunmalıdı. Bunlar həm təminat məktubu, həm də oynayacaqları stadionla bağlı zəmanət məktubudu. Bu, eyni zamanda təhlükəsizliklə bağlı olmalıdı. Bütün bunlarla bağlı əsas şərtlərimiz vardı. Bunların hamısını yerinə yetirən komandalar təbii ki, bu gün liqada iştirak edənlərdi. Onlar həmin zəmanət məktublarını verərək qeydiyyatdan keçdilər. Məktubları verməyən komandaların isə liqada iştirak etmələrinə icazə verilmədi.
- Burda sual yaranır ki, kənarda qalanların sayı nə qədər oldu?
- Konkret sayı açıqlamağımız doğru olmaz. Ümumilikdə 10-a yaxın komanda həmin məktubları təqdim etmədiklərinə görə qeydiyyatdan keçmədilər.
- Debütantlar idilər, yoxsa aralarında vaxtilə liqada çıxış etmiş komandalar da vardı?
- Hər ikisindən vardı. Əksəriyyəti debütantlar idi.
- Əsas diqqətimizi çəkən Cənub zonasından oldu - "Xan Lənkəran", "Astara", Cəlilabad "Ümid"i iştirakçılar arasında yoxdu. Hansılar ki, keçən mövsümdə qrupda ilk 3 yeri tutaraq pley-offa çıxmışdılar. İndi kənarda qalmaları sizin üçün gözlənilməz olmadı? Nəylə əlaqələndirərdiniz imtinalarını?
- "Ümid" son anda imtina etdi. Bizdə liqalarda iştirakla birbaşa müraciətlə bağlıdı. Hansı komandalar müraciət edir, onlara baxılır. Kifayət qədər çox sayda müraciətlər gəlir. Və təbii ki, bunlar üzərində liqanı planlaşdırırıq. İştirakçılardan 26-sı köhnə, 16-i yenidi. Köhnələrin stabil olaraq bütün mövsümlərdə oynaya-oynaya gəlmələrinin özü artıq bir stabilliyinin göstəricisidi. Artım da yeni müraciətlərlə bağlıdı. Təbii ki, hər il əvvəlkillərdə iştirak etmiş bir neçə komanda liqada çıxşla bağlı müraciət etmir. Bunlar da komandaların dağılmaq, futbolçuların başqa komandaları keçmək səbəbi ilə bağlı ola bilir. Bu, daha çox komandaların daxili səbəbləridi. Amma ümumi götürsək, stabillik AFFA-nın qanedici səviyyədədi ki, 26 komanda sabit olaraq hər il Region Liqasında iştirak edir. Həmin cənub təmsilçiləri müraciət etmədilər.
- Bunun hansı səbəbdən olmasıyla maraqlanardınız...
- Təbii ki, komandalarla maraqlanırıq. İlkin olaraq qeydiyyata start veriləndə liqada iştirak etmiş bütün komandalara bu haqda müraciət edilir, ümumi məlumat verilir. Hansı komandaların niyə qoşulmadıqları ilə maraqlanırıq. Müxtəlif səbəblər olur - komandaların dağılması, stadion problemi, yaxud müvafiq icra hakimiyyəti orqanından hansısa bir təminat məktubu təqdim olunmur. Bu səbəblərdən komandalar kənarda qalırlar.
- "Xan Lənkəran" I Diviziona buraxılmağından narazı idi. Bunun üçünsə 3 il Region Liqasında iştirak etmək lazımdı. Onlar da burda çıxışlarını davam etdirməkdən imtina etdilər...
- Püşkatmada gördünüz ki, bu gün Lənkərandan yeni komanda - "Xəzər Lənkəran 42" iştirak edəcək. Təbii ki, bütün komanadaların stabil olaraq iştirakını istəyərdik. Amma yenə də stabillik göstəricisi var ki, 26 komanda hər il iştirak edir. Bu da təbii prosesdi ki, hər mövsüm 2-3 komanda - hansılar ki, əvvəllər iştirak ediblər - müxtəlif səbəbdən kənarda qalırlar. "Xan Lənkəran" və kənarda qalanların hər birinin yenə iştirakçılar sırasında olmalarını təbii ki, istərdik. Bu komandanın bəzi üzvləri "Lerik"ə dəstək olublar. Bu mövsüm cənub zonasından yeni komandalarımız var ki, biri də həmin "Lerik"di. Əvvəlki mövsümlər baxsaq, cənubda 5 komanda olurdusa, bu il say artıq 6-dı.
- Şəkidən və Ağsudan artıq 2 komanda var. Sanki derbi olacaq...
- Bu, əslində, çox gözəl bir addımdı. Bir rayonda bir komanda artıq o futbol bayramını yaşadıb, futbola marağı artırıb ki, nəticədə ikinci bir komandanın yaradılması ilə bağlı qərar verilib. Düzdü, "Şəki" ilk illərdən Region Liqasında stabil çıxış edib. Futbol ənənəsi olan rayonlar da, olmayan da. Şəki kimi rayonda 2-ci komandanın artıq olması kiçik bir uğurun göstəricisidi. "Ağsu 06" komandası həmin rayonun icra hakimiyyətinin təminat məktubuyla liqada iştirakla bağlı müraciət edib. Və təbii ki, bizdə daim iştirak edən "Ağsu Siti" olacaq.
- Yeni mövsümün startı nə vaxta nəzərdə tutulub?
- Plana görə oktyabrın 29-30-na start verilməsi nəzərdə tutulub. Bildiuyiniz kimi, AFFA tərəfindən komandalara müvafiq köməkliklər olacaq. Belə ki, formalar, top, idman ləvazimatları və digər dəstəklər göstəriləcək. Bunlar liqa başlayana kimi həyata keçiriləcək. Qrup mərhələsi 2 dövrədən ibarət olacaq, 12-14 həftəni əhatə edəcək. Bu ilkin mərhələ bitəndən sonra hər zaman üzrə ilk 3 yeri tutan komanda pley-off mərhələsinə çıxacaq. Reqlament olduğu kimi qalır. Oyunların keçirilməsində də hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Yəni, bunlar stabil olaraq həftəsonu - şənbə və bazar günləri olacaq. İstisna hal kimi hər 2 komanda tərəfindən razılıq olunarsa, o zaman həftəçi baş tuta bilər. Bu da fors-major hallardadı. Bu il oyunlar dekabrın sonunadək keçiriləcək. Daha sonra qısa bir fasilə olacaq. Yanvarın sonu mübarizə yenidən başlayacaq. Fevralda pley-off mərhələsinə start veriləcək. May-iyunda isə artıq liqaya yekun vurulacaq.
- Naxçılvan zonasına da toxunaq. Orda qalib, yekunda bürünc medalçı olan "Araz Naxçıvan" artıq I Divizionda iştirak edir. Bu dəfə onu kim əvəzləyəcək?
- Naxçıvan zonasından yenə 8 komanda çıxış edəcək. Orda 7 komanda stabil olaraq iştirak edir. "Araz Naxçıvan"ın yerinə Müəllimlər İnstitutunun komandası yarışacaq. Naxçıvan zonasının qalibi ötən illərdə olduğu kimi, birbaşa yarımfinal mərhələsinə qatılacaq.
- Region Liqasının qalibi yenidən ölkəmizi UEFA Region Liqasında təmsil edəcək?
- Əslində, nəzərə alsaq ki, UEFA Region Liqası 2 ildən bir təşkil olunur. Buna görə UEFA ilə danışıqlarını əsasən bu Region Liqasının qalibinin orda iştirakı məsələsi yəqin, müzakirə ediləcək. Böyük ehtimal bu, reallaşacaq.
- Sonda iştirakçı komandalara hansı tövsiyələrini verərdiniz?
- Əsasən regionlarda azarkeş marağı yüksək həddədi və bunun üçün minimum tələblər qoyulub. Bütün komandalardan xahişimiz, əsas çağırışımız ondan ibarətdi ki, əsas təhlükəsizlik tədbirlərinə ciddi riayət olunsun. Komandaların həvəskar liqa olsa da, peşəkar yanaşma göstəmələri, oyunlara vaxtında gəlmələri rica olunur. Stadionlara baxış keçirilib və bütün komandalardan stadionlarla bağlı təminat məktubu göndərilib.
MEHMAN SÜLEYMANOV