Artıq iki gündü “Neftçi” yeni baş məşqçisinə qovuşub. Dünən səhər saatlarında Laurentsiu Reqekampfın təyinatına dair təhlil yazısı ilə görüşündə gəldik. Ruminiyalı mütəxəssisin uğurlu olma şansları barədə materialda şanslarını aşağı qiymətləndirmişdik. Bunu tutarlı dəlillərlə isbatlamağa calışmışdıq. Əlbəttə ki, fikirlərimizlə razılaşanlar da oldu, razılaşmayanlar da. Ötən gün günorta saatlarında isə 47 yaşlı mütəxəssis ilk mətbuat konfransını keçirdi. Bəs bu dəfə hansı fikirlər formalaşdı? Gəlin, birlikdə xatırlayaq...

- Mütəxəssis qarşıya qoyulan hədəfləri açıq formada səsləndirdi (Konfrans Liqasında uğurlar qazanıb, irəliyə getmək istəyirik. Eyni zamanda daxili liqada titul üçün mübarizə aparacağıq);

- Konfrans Liqasının startına az vaxt qalmasının fərqinə vardığını, lakin bunu əlində bayraq etməyəcəyini bildirdi (Bura gəlməmişəm ki, vaxt baxımından şikayətlər edim. Vaxtla bağlı həmişə problem olub. Çünki zaman sürətli keçir. Biz komandanın hazırlığına başlayacağıq və əminəm ki, Konfrans Liqasının ilk oyununa kimi komanda hazır olacaq);

- Fanatlarla ideal korpünün təməl daşını qoydu (Azarkeşlərin təzyiqini motivasiya kimi qəbul edirəm. Bir də oyunçularımı oyatmaq üçün istifadə edirəm);

- Paytaxt təmsilçisinin ölkədəki nüfuzunu tam varlığı ilə anlayıb (Düşünürəm ki, "Neftçi" ölkədə ən tanınmış klubdu);

- Komandasının 1-ci nömrəylə oynayacağını dilə gətirdi və olduqca iddialı olduğunu göstərdi (Hücumameyilli futbol oynayacağıq. Oyun formatı haqda ağlımda hər şeyi bilirəm. Gəlin bunu sizə ilk rəsmi oyunla göstərim);

- Futbolçularının əsl “gəmi kapitanı”, qəhrəmanına çevrilmək istiqamətində önəmli addım atdı (Heç vaxt media önündə şikayətlənməyəcəm. Heç bir konfransda görməyəcəksiz ki, mən nədənsə şikayətlənirəm. Çalışacam ki, öz oyunçularımı dəstəkləyim. Biz tərəfdən dəstək həmişə olacaq. Şikayət olduğu zaman bunu qapalı yerdə müzakirə edirəm).

Bizim 47 yaşlı çalışdırıcının səmimiliyinə şübhə etmək üçün heç bir əsasımız yoxdu. Dedikləri, çıxışı həqiqətən klub, komanda adına yalnız pozitiv rəy formalaşdırır. “Neftçi” ailəsi adına yalnız nikbin əhval formalaşdıran konfransa dair fikirlərimizi pozitiv boyda bölüşsək də, bütün bunlar kağız üzərində bəlağət elminin formalaşdırdığı istedadın göstəricisidi. Baş məşqçi əlbəttə ki, yaxşı natiqlik bacarığına sahib olmalıdı. Ancaq futbolda sözü ilk növbədə nəticə deyir. Nəticə olmayanda sərgilənən baxımlı oyunla öyünmək mümkündü. Ancaq hər ikisi olmayanda, gözəl nitq mədəniyyəti xilas edə bilmir. Regekampfın sözləri ilə əməli üst-üstə düşsə, ölkə çempionatındakı rəqabət artacaq və belədə, futbolumuz irəli gedəcək. Onun dediyi “Konfrans Liqasının ilk oyununda görəcəksiniz” ifadəsi isə hər kəsi sevindirməlidi. Təki vədləriniz çin olsun, Antrenorul principal (rumınca - baş məsqçi).

Yekunlaşdıraq. Rege həsabı ilk mətbuat konfransındaca açdı. Nəticəni qoruya biləcəkmi? Bu suala cavab yaxın gələcəkdə tapılmasa da, ilk cucərtuləri “Aris”lə matçdan sonra görəcəyik.

 

 

CEYHUN ƏLİYEV