“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

- Bu oyuna 3 xal üçün köklənmişdik. Oyunun axarı yaxşı gedirdi. Müdafiədə buraxdığımız bir səhv hər şeyi dəyişdi. Futbolçuların əzmkarlığı yaxşı idi. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik. Bu gün tam fərqli komanda gördüm. Futbolçularda qələbə istəyi həddindən artıq çox idi.

- Sanki ilk hissədə komandanız istəksiz görünürdü...
- Bu neçənci oyundur ki, qol buraxandan sonra tam fərqli oynayırıq. Hesab 0:0 olanda ehtiyatlı oynayırıq. Qol buraxandan sonra hücumların kəsərini artırdıq. Bu gün komanda hücumda daha yaxşı görünürdü.

- Bu gün ilk qolunuzu vurdunuz, ilk xalınızı qazandınız. Sizcə, bu oyun dönüş nöqtəsi ola bilər?
- Bəli. Bundan əvvəlki oyunlarda hücum xəttində problemlərimiz var idi. Skuletiç, Rodriges komandaya qoşulmamışdı. Bu həftədən etibarən onlar da komandaya qoşulub. Növbəti oyunlarda meydanda görə bilərik.

- Belə söhbətlər var idi ki, bu gün məğlub olsaz, istefaya göndərilə bilərdiz...
- Bu söhbətlər tez-tez təkrarlanır. Məni bura gətirən rəhbərlik var. Bu gün onların dəstəyini artıqlaması ilə görürəm. Bu dəstək bizə inam verir. Rəhbərliyin mənə, mənim komandaya inamım çoxdur.