"Qarabağ" UEFA Çempionlar Liqasındakı son matçda bütün Azərbaycan xalqını sevindirdi". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev deyib.
Təcrübəli yarımmüdafiəçi UEFA Çempionlar Liqasında bu gün baş tutacaq "Liverpul" - "Qarabağ" matçı haqqında da fikirlərini bölüşüb:
"Ayntraxt"la oyundakı qələbədən sonra hamımız istəyirik ki, uğurun davamı gəlsin. Ötən həftə bütün Azərbaycan xalqını sevindirdilər. Hamımız qələbə gözləyirdik. Rəqib Bundesliqada yuxarı pillələrdə yer alır. Buna baxmayaraq layiqli qalibiyyət əldə etdik".
Əmirquliyev bugünkü qarşılaşmanın "Qarabağ" üçün çox çətin keçəcəyini sözlərinə əlavə edib:
"Almaniya komandası nə qədər güclü olsa da, "Liverpul" "Ayntraxt" deyil, başqa səviyyədir. Mersisayd təmsilçisi çox güclüdür. Bəlkə də dünyadakı 5-6 böyük klubdan biridir. Onlar həmişə UEFA Çempionlar Liqasında və Premyer Liqada çempionluğa oynayırlar. Düşünürəm ki, komandamız üçün çox çətin olacaq. Əlbəttə, futbolda hər şey ola bilər. Meydan sahibləri aşkar favoritdir. Biz yenə "Qarabağ"a inanırıq. Ümid edirik ki, ən azı 1 xal qazana bilər. Amma yenə təkrarlayıram: bu, çox çətin olacaq. Şanslar azdır".
Qeyd edək ki, bu gün baş tutacaq "Liverpul" - "Qarabağ" oyunu saat 00:00-da start götürəcək.