Azərbaycan futbolunda ən titullu baş məşqçi olan Qurban Qurbanov. O, futbolçu kimi də rekordçu olaraq qalır. Bu, millimizin 29 illik tarixində bombardiri olmasıdı. Belə ki, 49 yaşlı keçmiş hücumçunun hesabında 14 qol var. Qurbanov həm artıq 16 ildir futbolçu karyerasını başa vurub, həm də qol sayı elə də çox deyil. Ancaq bu, rekordu hələ də əlçatmaz olaraq qalır. Bir ara sabiq futbolçuları Vaqif Cavadov, Rauf Əliyev, Elvin Məmmədov karyeralarının yaxşı vaxtlarında millidə qolları sıralamaqla liderə doğru irəlilədilər. Ancaq sonradan onların karyeralarında eniş yarandı və uzun müddətdi milliyə cəlb olunmurlar. Vaqif hətta karyerasını başa vurub. 

Hələ Berti Foqtsun baş məşqçilyi vaxtında cəlb olunan milliləşdirilən legioner Dmitri Nazarov da məhsuldarlıq göstərsə də, Canni de Byazinin dövründə artıq yığmaya çağırılmır və deməli, onun da qol sayını artırmaq imkanı yoxdu. İndi potensial namizəd Ramil Şeydayevdi ki, yenidən "Qarabağ"da Qurbanovun rəhbərliyi altında çıxış edən bu 25 yaşlı hücumçu baş məşqçisindən 2 dəfə az qol vurub.

Burda ən diqqətçəkən məqamlardan biri budu ki, rekorçdunun izləyiciləri arasında qol sayını hələ də 2 rəqəmli edən yoxdu. Qurbanovla geniş söhbətimizdə bu məqama da toxunmaya bilməzdik. Hər halda, hansısa forvardımızdan daha böyük nəticə istəyirik. Axı, 14 qol milli üçün nədi ki, liderə hələ də gəlib çatan yoxdu. Maraqlıdı, belə gedişlə rekordu Qurbanovun oğlu - "Qarabağ"ın və yığmamızın 19 yaşlı hücumçusu Musa Qurbanlı qıracaq?:

 

"Böyük bir şey deyilsə, bunu niyə müzakirə edirik? (gülür). İndi qol sayında buna çatmaq daha asandı. Çünki o vaxtlar il ərzində 4-5 oyun oynayırdıqsa, indi mimimum 10 matç keçirirlər. Yəni, o dövrdə millidə 3 ildəki oyun sayı bəlkə indi 1 ilə olur. Qol sayında buna çatan futbolçu mütləq olacaq. Buna rekord kimi baxırııqsa, elə bir göstərici yoxdu ki, o, yenilənməsin. Niyə ki, elə Mahir Emrelinin, Ramil Şeydayevin, Renat Dadaşovun potensialları var buna. Hələ yaşları elədi ki, hamısı gənc hücumçulardı. Yox, inşallah, tez bir zamanda yoluna qoyarlar, mənə də bu sualı sonra bir daha verməzsiniz".

Xatırladaq ki, Qurbanov millimizdə 1992-2005-ci illər aralığında çıxış edərək, həmin 14 qolu 68 matçda vurub. Bunlardan 5-i rəsmi matçda, 9-u yoldaşlıq görüşündə vurulub. 

 

 

MEHMAN SÜLEYMANOV