Misli Premyer Liqasının XII turunun "Sumqayıt" – "Qarabağ" oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. Fasilədən sonra istər-istəməz oyunçular ritmdən düşür. Bu da gedişatda hiss olundu. Çox yaxşı, maraqlı oyun alındı. Yaxşı dinamika, mübarizə var idi. "Sumqayıt" yaxşı təşkilatlanmış komandadır. Oyuna fərqli sistemlə başladılar. Başqa cür hazırlaşmışdıq biz. Lakin getdikcə oyunu yaxaladıq. Meydanda əsl futbol atmosferi var idi.

 

– Rəqib baş məşqçi sizi sanki təbrik etmədi…


– Xeyr, edibdir. Səhv görmüsünüz.

 

– Montiel "Napoli" ilə oyuna nə dərəcə hazırdır?


– Düzdür, "11-lik"də olması çətin görünür. Bu gün ilk dəfə startda meydana çıxdı. 45 dəqiqə oynatmağı düşünürdük. Özünü yaxşı tərəfdən göstərdi. İdman formasını qaytarmağa vaxt lazımdır.  Startda olmasa da, gedişatda meydana çıxa bilər.

 

– Elvin Cəfərquliyev tam sağalmadığı üçün ehtiyatda idi?


– 2-3 gün olar düzəlib. İdman formasını bir az itirib.

 

– Ötən fasilədən sonra "Turan Tovuz"u, bu dəfə də "Sumqayıt"ı məğlub etdiniz. Qarşıdakı "Napoli" ilə matç ərəfəsində bu matça köklənmək çətin olmadı?


– İstərdim, 2-3 gün vaxtımız olar. Amma əfsuslar olsun, yoxdur. Çalışacağıq, yaxşı hazırlaşaq. Lazım olan elementləri futbolçulara göstərməyə çalışacağıq. İlk dəfə deyil bu hal yaşanır.

 

– "Sumqayıt"ın oyunçusunun qırmızı vərəqə alması ağır qərar idi?


– Ola bilər. Ümumiyyətlə, futbol kontakt oyunudur, aqressivdir. Emosiyaları bəzən qoruya bilməyə bilərsən. İstərdim ki, bəzən sərt qərarlar verilməsin. Ancaq qarşımıza elə qaydalar qoyurlar ki, səhv dediyimizi düşünürük. Ola bilər, qırmızı vərəqə qərarı səhv idi.

 

– Son zamanlar sanki emosional reaksiyalar verirsiniz. Bu, nə ilə bağlıdır?


– Həyatda emosional olmayan insan varmı?

 

– Həmişə təmkinli olmusuz…


– Bəzən ola bilər. Oyunun əvvəlində bir az emosional ola bilərəm. Amma sonra olmadı (gülür).

 

– Kaşuk qoldan sonra sanki axsayırdı…


– Deyəsən, ayağına zərbə olmuşdu.

 

– "Bu şəhərdə"nin konsertində sizi parodiya etmişdi. Buna münasibətiniz nədir?


– Kiminsə işinə qarışmaq istəmirəm. Belə şeylərə çox baxmıram. Onlara uğurlar arzu edirəm.

 

– Kadinin yoxluğu "Napoli" ilə oyunda hiss olunacaq?


– Belə hallar olub. Futbolçuların hamısı sağlam olanda hazırlığımız da yaxşı səviyyədə keçir. İstənilən oyunçunun yoxluğu təsirlərini göstərir.

 

– "Napoli" ilə oyunda əsas necə olacaq?


– Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq.

 

– "Napoli" ilə oyunda sürpriz olacaq?


– Yaxşı mübarizə aparmağa çalışacağıq.