Misli Premyer Liqasının XII turunun "Sumqayıt" – "Qarabağ" oyunundan (2:4) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sporr24 az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Azarkeşlərə təşəkkürəm edirəm. Stadionda gözəl atmosfer var idi. "Qarabağ"a uğurlar arzu edirəm. Ümid edirəm, "Napoli" ilə oyunda yaxşı nəticə qazanarlar. Bu gün baxımlı futbol alındı. 6 qol, çoxlu qol imkanları var idi. Azarkeşlər üçün də maraqlı oyun oldu. İlk 10 dəqiqədə oyunumuz bir az alınmadı. Rəqibdən sanki çəkinirdilər. Lakin qoldan sonra toparlandıq və maraqlı oyun göstərdik. İkinci hissəyə yaxşı başladıq. Ancaq Rayan Senhacinin qırmızı vərəqə alması işimizi çətinləşdirdi. "Qarabağ" kimi komandaya qarşı 10 nəfərlə də şanslar yaratdıq.

 

– Senhacinin qovulması, penaltini vura bilməməyiniz nəticəyə təsir etdi?


– Qırmızı vərəqənin düzgün qərar olduğunu düşünmürəm. Lakin hakim qərarını verib. "Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur. Penalti vuranımız Yankoviç idi, amma oyunda olmadığı üçün Ramalinqom topu götürdü.

 

– Səbuhi Abdullazadə kapitandır və penaltini vurmaq istəyirdi. Amma Ramalinqom buna icazə vermədi. Hansısa tədbir görüləcək?


– Ramalinqomla söhbətim olub. Ancaq onu da başa düşürəm. Hücumçudur və qollar vurmaq istəyir. Amma səhv mənimdir. Gərək penalti vuranları əvvəlcədən müəyyənləşdirək.

 

– Azı bir xal qazanmaq üçün nə çatmadı?


– "Qarabağ" kimi komandaya qarşı oynayanda müdafiədə səhvlər qaçılmaz olur. Futboldur, imkanlarımız oldu, dəyərləndirə bilmədik.

– "Qarabağ"ı məğlub edən yeganə komandasınız. Bu gün də xal ala bilərdiniz. Onlara qarşı oynamağın yolunu tapmısınız?


– "Qarabağ" Azərbaycanın ən güclü klubudur. Güclərini Avropada da göstərirlər. Müəyyən şanslarımız var idi. Lakin səhvlər də etdik. Xüsusi bir şey yoxdur.

 

– Ramalinqomu heç bir halda penalti vuran görməyəcəyik?


– Bunu deyə bilmərəm.

 

– Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?


– Normal oyun idi. Hakimlikdən danışmağı sevmirəm. Lakin mən olsaydım, ikinci sarı vərəqəni verməzdim. Bundan sonra oyun dəyişdi. Komandamdan razıyam. Azlıqda olsaq da, qol vurduq.

 

– Bu gün sanki ilk dövrədəki qələbə qazanan "Sumqayıt"dan daha yaxşı komanda var idi. Razısınız?


– Nəticə olaraq, ilk oyun yaxşı idi. Amma azarkeşlər üçün bugünkü matç daha baxımlı alındı.  Son ötürmələrdə çatışmazlıqlar oldu. İnanmıram ki, "Qarabağ" bundan sonra hansısa oyunda iki qol buraxa.