"Məşqçi olmaq asan iş deyil. Əgər bu gün öz peşəmə sevgi və hörmət göstərmirəmsə, heç vaxt uğurlu məşqçi ola bilmərəm". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun "Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer" adlı birinci panel iclasında çıxışı zamanı deyib.
Mütəxəssis vurğulayıb ki, məşqçi eyni zamanda həm lider, həm də menecer olmalıdır:
"Fikrimcə, məşqçi hər zaman lider rolunda olmalıdır. Xüsusilə futbolda bu xüsusiyyət daha da önəmlidir. Cavabdehlik bizə aiddir və son qərar həmişə baş məşqçiyə məxsusdur. Futbolda belə bir prinsip var: əgər komanda qalib gəlirsə, futbolçular qalib gəlir, əgər məğlub olursa, məğlub olan baş məşqçidir. Mən bu yanaşmanı hər zaman doğru saymışam. Məşqçi idmançıların yanında olmalıdır, çünki biz tələb edirik, onlar isə icra edir. Futbolçulara hər zaman maksimum dəstək göstərilməlidir. Mən hesab edirəm ki, 60 yaşım keçsə belə, özümü inkişaf etdirməyə davam etməliyəm. Məşqçi həm idmançılara nəzarət etməli, həm də fiziki olaraq məşq etməlidir".
Qurbanov, futbolda mövcud problemlərə də toxunub:
"Yaxınlarda Türkiyənin Antalya şəhərinə səfər etdik və oradakı şəraitlə tanış olduq. Futbolda ən vacib amil ötürmələrdir. Əgər məşqlər keyfiyyətsiz meydançada keçirilirsə və hər futbolçunun təxminən 50 ötürmə etməsi tələb olunursa, bu, çox çətin olur. Belə şərait idmançının performansına mənfi təsir göstərir və onların motivasiyasını zəiflədir. Bu baxımdan, Avropa futbolundan geri qalırıq. Bu mövzuda fikirlərimi həmişə açıq şəkildə bildirirəm. İdmançı şərait olmadıqda inkişaf edə bilmir".
O, Azərbaycanda istedadlı gənclərin yetərincə olduğunu da qeyd edib:
"Ümid edirəm ki, ölkəmizdə yalnız idmanda deyil, bütün sahələrdə ən yüksək səviyyəli mütəxəssislər yetişəcək".