"Benfika" ilə matçın ilk dəqiqələrində bir qədər stress yaşandı". Sport24.az xəbər verir ki, bunu Heydər Əliyev Hava Limanında qarşılama zamanı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis oyunun gedişatında futbolçularda özünəinamın artığını da söyləyib:
"Bu klub tarixində UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbə idi. Futbolçulara inam gəldi, bəlkə bir qədər də böyüdük. Hesabda 0:2 geridə olduğumuz zaman geridönüş etdik və qələbə qazandıq. Futbol elə bir oyundur ki, terminləri demək olar eynidir. Eyni motivasiya ilə davam etməli, geri dönməməli idik. Bunu futbolçularıma çatdırdım. Oyunun gedişatında futbolçularda inam artdı. Futbolçulardan tələb etmişdim ki, top itkiləri az olmalıdır. Əfsuslar olsun ki, yenə də itkilər gördük. Futbolun dili birdir".
Qurbanov bu qələbədən sonra rəqiblərin onlara qarşı daha ciddi hazırlaşacağını da əlavə edib: "Onsuz da bizə qarşı rəqiblər çox ciddi hazırlaşırlar. Bunu meydanda hiss edirik. Bundan sonra daha da ciddiyə alacaqlar. Hansı ki, böyük klublarla oynayacağıq. Bizə çox böyük problemlər yaratmağa çalışacaqlar".
"Bu qələbə sizdə növbəti mərhələ haqda fikir formlaşdırdımı" sualını isə baş məşqçi belə cavablandırıb: "Bu barədə düşünmək hələ tezdir. Ötən il Avropa Liqasında cəmi 1 qələbəmiz olsa da, digər oyunlara baxanda demək olar ki, xallarımız çox olmalı idi. Futboldur, bəzən gözləmədiyin nəticələr də olur, amma komandama həmişə deyirəm ki, istənilən oyunda geridönüş etmək olar. Bunun üçün sadəcə meydanda diqqətli olmaq lazımdır. İnanıram ki, bu qalibiyyət qarşıdakı oyunlarda da bizə əlavə inam verəcək".
"Qarabağ"ın çalışdırıcısı oyunda zədələnərək əvəzlənən Marko Yankoviçin durumundan da danışıb:
"Məncə, ciddi bir şey yoxdur. Ayağına zərbə olmuşdu. Yorğun olduğunda görə bir az ağrısı çox oldu".
Qurban bəy oyunda qol vuran yeni transfer Kamilo Duranla bağlı da danışıb:
"Duran bizim kluba gəlməmişdən əvvəl ən az oynadığı mövqe hücum idi. Daha çox sağ vinger kimi çıxış edib. Amma o bacarıq onda var. Biz onu daim hücumda oynatmayacağıq. Amma lazım gələndə sırf hücumçu kimi çıxış edəcək. İşgüzarlığı məni tam qane etdi".