"Sabah" baş məşqçi dəyişikliyindən sonra daha bir uğursuz seriyaya son qoyub. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"ni evdə 1:0 hesabıyla məğlub etdiyi matçda təkcə qələbə 3 aydan qələbə həsrətinə son qoymayıb, eyni zamanda 198 gündən sonra meydandan qol buraxmadan ayrılıb. 

Belə ki, "Sabah" son dəfə III turda "Zirə"ni səfərdə 2:0 hesabıyla məğlub edəndə buna nail olmuşdu. Bundan sonra ölkə Kubokunda "Kəpəz"ə 1:2 hesabıyl uduzaraq mübarizəni dayandırdığı matçı da nəzərə alsaq, ardıcıl 18 qarşılaşmada (1620 dəqiqədə) mütləq qapısında top görmüşdü. Yəni, "Sabah"ın bu müddətdə qolsuz bərabərliyi də olmayıb. Yeri gəlmişkən, bu mövsüm hesabında 4 heç-heçə olan komanda bunun 3-də 1:1, 1-də 2:2 hesablı bərabərliyə qalıb. 

Bu turda "Neftçi"də isə buraxdığı qol sayı ilə diqqət çəkib. Məsələ ondadır ki, Samir Abasovun baş məşqçiliyi dövründə komanda ilk dəfə qapısında 1-dən çox - 2 top görüb. Bu, ölkə Kubokunu da nəzərə alsaq, 13 oyundan (11-i çempionatda, 2-si Kubokda) sonra reallaşıb. "Ağ-qaralar" son dəfə Abasovun bu postuna gəlişinədək - sələfi Füzuli Məmmədovun son matçı olan IX turda "Bakcell Arena"da 0:6 hesabıyla uduzduğu görüşdə 1-dən çox top buraxıb.

Xatırladaq ki, "Neftçi"nin "Sumqayıt"a 0:2 hesabıyla yenildiyi son turun matçı Abasovun dönəmində Premyer Liqada ilk ev məğlubiyyəti kimi tarixə düşdü.