Misli Premyer Liqasının XXIX turunun "Sabah" – "Karvan-Yevlax" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Çətin oyun olacağını bilirdik. "Sabah" çox keyfiyyətli, güclü komandadır. Amma matça yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, azından məğlub olmayacaq. Qırmızı vərəqə oyuna çox təsir etdi. "Sabah"a qarşı 10 nəfərlə oynamaq çətindir. Boşluqlar verdik və səhvlərdən sonra qollar buraxdıq. Nəticəyə baxmayaraq, futbolçulara təşəkkür edirəm, sona qədər döyüşdülər.
– Bu gün daha çox müdafiədən oynadınız. Bu, nə ilə bağlı idi?
– "Sabah" çox pressinq edən komandadır. Çalışırdıq ki, onların təzyiqindən çıxaq, epizod verməyək. Hesab 0:2 olandan sonra meydanda futbolçu sayı bərabərləşdi. Amma yenə çalışdıq ki, qapalı oynayaq, rəqibə şans verməyək.
– Qapıçınız Pedro yaxşı oynadı…
– O, bütün matçlarda çox yaxşı performans göstərir. Tək o yox, bütün futbolçular son matçlarda yaxşı çıxış edirlər.