Misli Premyer Liqasının XXIX turunun "Sabah" – "Karvan-Yevlax" oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– Çox ağır oyun alındı. "Qarabağ"a qarşı baş tutan iki çətin matçdan sonra bu, gözlənilən idi. Bu gün də bizim üçün ağır keçəcəyini ehtimal edirdik. Öz səviyyəmizdən aşağı çıxış etdik. Xüsusilə, birinci hissədə istədiyimiz kimi oynaya bilmədik. Qol fürsətləri yaratsaq da, dəyərləndirə bilmədik. Fasilədən sonra daha çox enerji ilə oynadıq. Qələbəni arzulayan biz idik. Rəqibin risk edəcəyini gözləyirdim, amma olmadı. Öz üslublarına sadiq qaldılar. Açığı, azarkeşlər üçün baxımlı oyun deyildi. Bu da normaldır. Yolumuza davam edirik, bərpamızı keçib, qarşıdakı oyuna fokuslanacağıq.
– Xəyal Əliyevin son vaxtlarda az şans qazanır. Mütəmadi startda olması üçün nə çatmır?
– Belə deyim, rəqabət. Yaxşı komandayıq, hücumda güclü futbolçularımız var. Əlbəttə, rəqabət asan deyil. Qələbə qazanırsansa, heyəti, hücumçunu dəyişmək çətindir. Xəyal bu mövsüm bizə çox kömək edib. Mikelsin yoxluğunda faydalı oldu. Çalışmağa davam etməli, öz üzərində işləməlidir. Komandada çox yaxşı oyunçular var və əsas heyət olmaq üçün daha üstün olmalısan. Məşqlərdə çox çalışır, əziyyət çəkir. Qərarımın arxasında dayanıram. İnanıram ki, belə işləməyə davam etsə, oynamaq imkanını əldə edəcək.