"Qəbələ"nin kapitanı Ürfan Abbasovun durumuna aydınlıq gəlib. Təcrübəli futbolçu Sport24.az-a açıqlamasında Premyer Liqanın son turunda "Turan Tovuz"la səfər matçında hələ ilk hissədə əvəzlənməsinə gətirib çıxan zədəsini hərtərəfli müayinədən keçirdiyini deyib.
Belə ki, MRT müayinəsi yüngül xəsarət olmadığını göstərib: "Köhnə zədəm deyildi. Yəni, dizimdəki zədəmi yeniləməmişəm. Oyunöncəsi, konkret olaraq sentyabrın 8-də Bakıda məşqdə zədələnmişdim. Arxa əzələmi dartmışdım. Yüngül idi, oyunadək də vaxt vardı. Matçın gedişində artıq ağrıları hiss edirdim. 30-cu dəqiqə olardı, gördüm ki, oyunum getmir. Bir-iki qaçışdan sonra lap dartıldı. MRT müayinəsinə getdim və məlum oldu ki, dartılma bir az da böyüyüb. Rahat 2, bəlkə 3 həftə vaxt çəkəcək müalicəmə".
Ürfan müalicəyə əsasən müəyyən bir müddət fizioterapiya prosesi keçəcəyini vurğulayıb: "Bundan sonra da məşqlərimi istensivləşdirib meydanda komandaya yavaş-yavaş qoşulacam. Amma bu da bir müddət vaxt aparacaq. Yəni, bu ay istənilən halda, daha komandama kömək edə bilməyəcəm".
31 yaşlı Abbasov ehtiyat skamyası qısalan "Qəbələ"yə belə çətin vəziyyətdə kömək edə bilməyəcəyinə görə üzülür: "Düzdü, zədə qaçılmazdı. Amma bəlkə biz az özümü gözləsəydim, daha tez sağalardım. Amma təəssüflər olsun ki, belə alındı. Özümdə də istək vardı ki, komandaya kömək edim. Yəqin, 2-3 oyun gözləməli olacam. Bundan sonra artıq oynaya bilərəm. Oynamasam da, həmişə komandanın yanındayam. Çalışacam ki, onun üçün əlimdən nə gəlir, ən yaxşısını edim".
MEHMAN SÜLEYMANOV