"Məşqçimiz Xaqani Məmmədovla bağlı apellyasiya müraciəti etmədik. AFFA-yla bir neçə şifahi danışığımız oldu. Bunlardan belə bir qənaətə gəldik ki, şikayət verməyimizin bir mənası, nəticəsi olmayacaq. Çünki assosiasiya fikrində qəti idi ki, Xaqani Məmmədovun baş hakim Əliyar Ağayevə iradları əslində, təhqirdi. Elə olmadığını fikirləşsək də, AFFA-nın o fikrində olduğunu aşağı-yuxarı bildiyimizə görə apellyasiya vermədik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Nail Kərimov deyib.
Məlumdu ki, qırmızı-qaralar"ın ardııcl 3 turdu məşqçiləri qırmızı vərəqə alaraq AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılır. Bu, baş məşqçi Elmar Baxşıyevin ardınca köməkçiləri Xaqani Məmmədovla Rasim Ramaldanov oldular. Kərimov saytımıza daha əvvəlki açıqlamasında Məmmədovla bağlı qərarla razılaşmayaraq AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edəcəklərini bildirmişdi. Bu fikirdən daşınmaları haqda danışan klub rəsmisi Ramaldanovla bağlı qərarla bağlı da şikayət etməyəcəklərini sözlərinə əlavə edib: "İndiki halda da apellyasiya vermək fikrimiz yoxdu. Həqiqətən də Rasim Ramaldanov çox ani olsa da, əsəbləşdi, ola bilər, hisslərini cilovlaya bilmədi. Buna görə cəza, cərimə verildi. Normal haldı, olmamalıdı. Məşqçilər öz hisslərini sonadək kontrol etməlidirlər. Ümumi götürsək, komandamızın sonuncu pillədə olması, gözlənilən oyunu göstərə, nəticə verə bilməməsimi deyim, məşqçilər daxil olmaq şərtilə bütün kollektivə təsir göstərir. Amma saytınız vasitəsilə də deyə bilərəm ki, indidən, bugündən sonra daha sakit yanaşmağa çalışacağıq. İnşallah, belə hallar yaşamayacağıq".
İstənilən halda, bu cəzalar kluba başucalığı gətirmir. Xüsusilə də bu, ardıcıl hal alanda. Üstəlik, onsuz da maddi sıxıntıları olan "Qəbələ"yə cərimələr əlavə maddi yükdü. Maraqlıdı, klub rəhbərliyi məşqçiləriylə intizam məsələləriylə bağlı söhbətləşməyi düşünür? Kərimovu dinləyək: "Məşqçilərimizi tanıyırıq, onlar da bizi. Xarakterlərini də, xüsusiyyətlərini də bilirik. Xüsusilə də Xaqani Məmmədovla bağlı məsələ olanda, hamı bilir ki, o, futbolçu dövründə belə, demək olar sarı vərəqə almırdı, qaldı ki qırmızı. İndiki halda da elə bir adamdı Xaqani. Məşqlərdə də elədi, gündəlik həyatda da. Buna görə əslində, fikirləşmişdik ki, apellyasiya verməyimizin bəlkə də hansısa bir nəticəsi, faydası olar. Çünki dediyim kimi idi məsələ və Məmmədov ilk dəfəydi belə şeylə qarşılaşırdı. Ona verilən cəzanın ağır olduğunu fikirləşirdik. Lakin artıq keçdik getdik məsələlərin üstündən. Məşqçilərimizlə də söhbət etməyə, danışmağa ehtiyac yoxdu. Çünki hamı bir-birinin fikrini, ümumi mənzərəni bilir. Bu 3 ardıcıl qırmızı vərəqənin hansısa bir şeyin nəticəsi olduğunu deməzdim. Bu, təsadüfi alınan bir şeydi, həm də komandadakı gərginlikdə yaranan. Bunun davamlı olmayacağı məlumdu".
MEHMAN SÜLEYMANOV