"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə cavab oyununu idarə edəcək FIFA referisi Georgi Kabakov karyerası ərzində 5-ci dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alıb. Sport24.az xəbər verir ki, bolqarıstanlı ədalət təmsilçisi bunun 3-də baş hakim, 1-də isə ehtiyat hakim kimi fəaliyyət göstərib.

 

Əvvəlki 4 qarşılaşmanın hamısı Azərbaycan komandalarının səfər qarşılaşmasına təsadüf edib. Kabakovla yollarımız ilk dəfə 2013-cü ildə kəsişib. Referi həmin vaxt U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə qarşılaşdığı oyunda 4-cü hakim funskiyasını yerinə yetirib. Matç rusların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İkinci dəfə bolqarısranlı 2019-cu ilin martında əsas yığmanın Xorvatiya ilə səfər qarşılaşmasını idarə edib. Zaqrebdə baş tutan AVRO-2020-nin seçmə mərhələ görüşündə Ramil Şeydayev 19-cu dəqiqədə hesabı açsa da, komanda meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Hazırda "Qarabağ"ın kapitanı olan Maksim Medvedev həmin oyunda sarı vərəqə ilə cəzalanıb.

 

Georgi Kabakov "Qarabağ"ın üçün də yad sima deyil. O, ağdamlıların 2 avrokubok görüşündə iş başında olub. Millilərdən fərqli, onun idarəçiliyi Ağdam klubu üçün düşərli olub. Qurban Qurbanovun komandası 2015/2016 mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"a Monteneqroda 1:0 hesabı ilə qalib gəlib.

 

Ədalət təmsilçisinin "Qarabağ"la son görüşü cari mövsümdə olub. "Süvarilər"in Avropa Liqasının pley-offunda  Sloveniyada "Olimpiya"nı 2:0 hesabı ilə üstələdiyi qarşılaşmada da söz sahibi məhz bolqarıstanlı idi. Həmin matçda 37 yaşlı hakim Julio Romaoya sarı vərəqə göstərməklə yadda qalmışdı.

 

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Braqa" oyunu saat 21:45-də başlayacaq. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.