Yaydan bəri "Qarabağ"ın transfer siyahısında yer alan seneqallı hücumçu Sambu Sumanonun Fransanın "Loryan" klubunda qalmaq ehtimalı artıb. Sport24.az Afrika mətbuatına istinadən xəbər verir ki, seneqallı hücumçu gözlənildiyi kimi klubdan ayrılmaya da bilər.

"Loryan" rəhbərliyi 24 yaşlı futbolçuya müqavilənin uzadılması üçün rəsmi təklif göndərib. Onun hazırkı müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.

"Qarabağ"ın transfer etmək istədiyi Sumano hazırda Liqa 1-in ən yaxşı formada olan hücumçularından biridir. O, ötən həftə 14-cü turda "Nitsa" üzərində 3:1 hesablı qələbədə dublla yadda qalıb. Hücumçu cari mövsümdə keçirdiyi 14 matçda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, yayda "Qarabağ" Sumanonu heyətinə qatmağa çox yaxın idi. Ağdam təmsilçisi hücumçu üçün 2,5 milyon avro + 500 min avro bonus təklif etmişdi. Hətta tərəflər 3+1 illik müqavilə üzərində razılaşmağa yaxın idi, lakin transfer son anda baş tutmadı.

Seneqallı futbolçuyla "Qarabağ"la yanaşı "Sent-Qallen", "Vidzev Lodz", "Suonsi", "Seltik" və "Samsunspor" kimi klublar da maraqlanırdı. Transfermarkt onun bazar dəyərini hazırda 4 milyon avro olaraq göstərir.