"Qarabağ"ın Polşanın "Qurnik" klubunda çıxış edən Taofik İsmahilin transferi üçün ödəyəcəyi məbləğ müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Ağdam təmsilçisi 26 yaşlı vingeri heyətinə qatmaq üçün 700 min avro ödəməyə hazırdır. "Köhlən atlar"ın nigeriyalı futbolçunun transferində ciddi maraqlı olduğu və keçidi reallaşdırmaq üçün bu məbləği nəzərdən keçirdiyi bildirilir. Hazırda danışıqlar son mərhələdədir.
Ötən mövsümü icarə əsasında Polşanın digər klubu "Lex"də keçirən İsmahil "Qurnik"ə qayıtmaq istəməyib. Bu amil onun klubdan ayrılmaq ehtimalını artırıb və "Qarabağ" da vəziyyətdən yararlanaraq futbolçunu heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Taofik İsmahil daha əvvəl Norveç, Fransa və Belçika çempionatlarında da legioner həyatı yaşayıb.