"Qarabağ"da ukraynalı futbolçu Aleksey Kaşukun gələcək taleyinə aydınlıq gəlib. Sport24.az-ın "köhlən atlar"a yaxın mənbədən əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi 25 yaşlı vingerlə yollarını ayırmağa hazırlaşır. Bu barədə futbolçuya artıq məlumat verilib.

Baş məşqçi Qurban Qurbanov Kaşuku növbəti mövsüm üçün planlarına daxil etmir. Bunun nəticəsi olaraq, təcrübəli mütəxəssis son doqquz oyunda ona ümumiyyətlə şans verməyib. Yarımmüdafiəçi üçün gələcək təkliflər yayda dəyərləndiriləcək.

Qeyd edək ki, ukraynalı oyunçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, cari mövsüm çempionatda 16 matçda (713 dəqiqə) iştirak edib və 1 qol vurub.