Azərbaycan Premyer Liqasında X tur başa çatıb. "Neftçi" bu mövsüm ilk qələbəsini qazandısa, "Qarabağ", "Turan Tovuz" və "Araz-Naxçıvan" növbəti dəfə hesabına 3 xal yazdırmağı bacarıb.

 

Təcrübəli mütəxəssis Aslan Kərimov Sport24.az-a açıqlamasında turu dəyərləndirib.

 

"Neftçi" yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyuna çıxırdı. Abasov özü də bildir ki, 3-4 günün içində böyük dəyişiklik edə bilməz. Samirin gəlişindən sonra oyunçularda böyük motivasiya var idi. Meydanda döyüşkən "Neftçi" gördük. Oyunçuların ustalıq səviyyəsi var. Sadəcə, ortaya qoya bilmirdilər. İkinci tərəfdən Emin Mahmudov bu görüşdə komandaya nə qədər faydalı olduğunu ortaya çıxdı. Eminin əvvəlki matçlarda oynamaması mənim üçün qaranlıq qalmışdı. 

 

"Qarabağ"ın "Kəpəz" üzərində qələbə qazanacağı heç kimdə şübhə doğurmurdu. Baxmayaraq ki, Ağdam təmsilçisi ilk hissədə yalnız bir qol vura bildi. Ustalıq səviyyəsi ikinci hissədə özünü daha çox göstərdi. Qapısında 5 qol görən"Kəpəz"in edə biləcəyi çox bir şey yox idi. "Neftçi" üzərində qələbə istisna, oyunçuların potensialı daha yaxşı nəticə qazanmaq üçün yetərli deyil. "Qarabağ"ın böyük hesablı qələbəsini adi qarşılanmalıdı. 

 

"Araz Naxçıvan" yüksələn qrafik cızır. Elmar Baxşıyev sərəncamında olan futbolçulardan məharətlə istifadə etməyi bacarır. Futbolçular oyun nizam-intizamını çox yaxşı qoruyurlar. "Şamaxı"nın qarşına qoyduğu məqsəd bəllidir. Təbii ki, evdə qalib gəlmək istəyirdilər. Həyətdəki futbolçuların keyfiyyəti yaradılan qol imkanlarını dəyərləndirməyə imkan vermir.

 

Kərimov turun digər görüşləri haqda bunları deyib: "Zirə" - "Sabah" oyununu stadiondan izləyirdim. Turun mərkəzi matçı idi. Güc baxımından bir-birilərinə yaxın komandalardı. İlk hissədə gözəl oyun görmədik. Hər iki komanda ehtiyyatlı oynayırdı. "Sabah" 1:0-lıq hesabı qoruyub saxlamağa çalışırdı.  "Zirə" son dəqiqələrdə risk etdi və bunun nəticəsini gördü. Onlar üçün kompakt müdafiəni yarmaq asand olmadı. "Zİrə" bu görüşdə iki xal itirmədi, bir xal qazandı.

 

Vaqif Cavadov komandaya yeni gəlib. Nələrisə düzəltmək məcburiyyətində idi. Motivasiya olaraq "Sumqayıt"da eniş var idi. ilk 23 dəqiqədə 3 qol buraxdılar. Hamısı da fərdi səhvlərin üzündən. "Turan Tovuz"un öndə pressinqini qeyd etmək lazımdır. Tovuzlular vacib 3 xalını qazandı. Ümumi nəzər yetirsək, sürpriz bir nəticə olmadı".