"Qarabağ" Avropa Liqasında qrup mərhələsində yeni mövsümə ev qələbəsiylə başladı. Norveçin "Molde" üzərindəki qalibiyyət və qrupdakı şanslarımız haqda Ağdam klubunun sabiq baş məşqçisi İqor Ponomaryovla söhbətləşdik. Hər halda, Skandinaviya futbolu Olimpiya çempionumuza yaxşı tanışdı. "Süvarilər"in isə qrupda 2 skandinav rəqibi var.
- "Qarabağ" ötən axşam sizi hansısa planda təəccübləndirdi, yoxsa gözlədiyiniz qələbə idi?
- Sadəcə olaraq inanırdım ki, "Qarabağ" "Molde"dən oyuna görə güclüdü. Bunu təmsilçimizin əvvəlki oyunlarına əsasən özüm üçün müəyyənləşdirmişdim. Ona görə qələbəyə inamım böyük idi. "Qarabağ" bu qrupda 2 komandadan biridi ki, Avropa Liqasında çıxışını pley-offda davam etdirməyə daha layiqdi.
- Yəni, düşünürsünüz ki, skandinavlar bu yolda "Qarabağ"a badalaq vurmaq gücündə deyillər...
- Fikrimcə, "Qarabağ"ın göstərdiyi futbol, heyətində olan oyunçular daha yaxşı səviyyədə olmağa layiqdi. Onların çox yaxşı futbolçu seçimi var. Üstəlik, nümayiş etdirdikləri futbol rəqiblərindən üstündü.
- Çoxları "Molde"nin "Qalatasaray"a qarşı daha yaxşı oynadığını düşünür. Sizcə, skandinavlar özlərinə xas olan futbolu niyə yaxşı göstərə bilmədilər?
- Razıyam ki, skandinavların özlərinə məxsus oyun üslubları var - atletik futbola üstünlük verirlər. Buna görə onlarda digər oyun keyfiyyətləri çatışmır. Oynadıqları futbol da belədi ki, topu irəli vururlar, qaçırlar, təzyiq edirlər. "Qarabağ" isə fərqli futbol sərgiləyir - topla çox oynayır, ötürmələrə üstünlük verir, driblinq, hansısa fərdi keyfiyyətlər hesabına, yaxud komanda oyunu sayəsində rəqibi üstələməyə, müdafiə xəttini yarmağa çalışır. Görürsünüz də, "Molde"nin qapısı qarşısında nə qədər qol vəziyyəti yaratdı. Baxmayaraq ki, norveçlilər 10 nəfərlə nəinki öz cərimə meydanlarında, hətta onun 1/4-də olaraq sıx müdafiə olunurdular. İstənilən halda, "Qarabağ"a qol vəziyyətləri yarada bilirdi.
- Amma nəzərə alaq ki, cəmi 1 qol vurduq. Bu da narahatlığa əsas verir. Çünki sabah xallar bərabər olanda, top fərqinin daha yaxşı olması lazım gələcək...
- Bəli, haqlısınız. Amma istənilən halda, bu, birincisi 3 xaldı, ikincisi də elə şanslar oldu ki, "Qarabağ" bunu qola çevirməli idi. Xatırlayırsınızsa, qoldan əvvəl yüzfaizli imkanımız oldu. Əla şans düşdü Zubirin əlinə. Hesab edirəm ki, həmin epizodda rəqib qapıçı yaxşı oynamadı, Abdullah pis zərbə vurdu. Onun zərbəsi düz qapıçıya tuş gəldi. Lakin bu, futboldu, belə qaçırmalar da olur. İstənilən halda, "Qarabağ" güclü idi, meydanda dominantlıq edirdi, oz oyununu ortaya qoyurdu, rəqibə təklif edirdi. Mənə görə "Molde" "Hekken"dən güclüdü. Bu mənada "Qarabağ"ın onu məğlub etməsi superdi.
- Qapıyla bağlı da bir rahatlıq hiss etdiniz? Hər halda, rusiyalı Andrey Lunyov son vaxtlar nə qədər oyun praktikası sarıdan ciddi korluq çəksə də, bu, heç hiss olunmadı - meydanda çox inamlı, soyuqqanlı idi..
- Bəli, yetərincə inamlı oynadı. Hərçənd, müsahibəsini oxudum ki, oyun praktikasının çatmadığını etiraf edir. Lakin "çərçivə"də" necə dayandığına baxanda, görürük ki, yetərincə özünəinamlı idi.
- "Qarabağ"ın növbəti matçı sizə çox yaxşı olan İsveçdə keçirəcək. "Hekken"lə səfər matçımızdan nə gözləyirsiniz?
- "Qarabağ"ın yaxşı oyununu, layiqli çıxışını. Başqa xüsusi nəsə bir şey deyə bilmərəm. "Qarabağ" yenə də həmin futbolla üzləşəcək - güc futbolu, uzun ötürmələr, rəqib çox qaçacaq, mübarizə aparacaq. Təbii ki, "Hekken" evdə oynadığından özünü göstərməyə, yaxşı oynamağa çalışacaq. Amma fikrimcə, "Qarabağ" bugünkü gündə ümumiyyətlə, skandinavlardan güclüdü.
- Bəs, "Bayer" - Almaniya Bundesliqasının hazırkı lideri? Çox yaxşı formada olan bu komandanın qrup qalibi olacağı artıq bəlli, "Qarabağ" da reallığa görə 2-ci yerə oynamalıdı, yoxsa başqa baxış bucağınız var?
- "Bayer" yetərincə yaxşı komandadı. Çox güc futbolu nümayiş etdirir, çalışır sonadək oynasın, təzyiq etsin, tapdalasın...Maraqlı bilirsiniz nədi - "Qarabağ"ın öz oyun üslubu var ki, ondan imtina etmir, kənara çıxmır. Hələ heç kəs bilmir ki, "Bayter"lə matçlarımız necə alınacaq. Buna görə belə deyərdim ki, top yumru, meydan düzdü. Hətta leverkuzenlilərlə də oynamaq olar. Əsas odur ki, qorxmayasan. "Qarabağ" da neçə illərdi Avropada bunu edir - istənilən rəqibə qarşı qorxmayaraq çıxıb oynayır. Bunu görmək çox xoşdu.
- Sözlərinizdən belə qənaətə gəlirik ki, "Qarabağ"a qrupda 1-ci yer şansı saxlayırsınız?
- Zaman göstərəcək. İndi demək çətindi. Baxaq görək "Bayer" sonrakı matçda necə çıxış edəcək, bizə qarşı necə oynayacaq. Öz çempionatlarında bəllidi nəticəsi, oyunu. Bəs, bizə qarşı nə təqdim edəcəklər, kim həmin vaxt yaxşı olacaq - onlar, yoxsa biz... Bütün bunları gələcək göstərəcək.
- Bir sözlə, "Bayer"in evdə "Hekken" üzərində böyükhesablı qələbəsi (4:0) gözlənilən idi. "Qarabağ" isə "Hekken" deyil....
- Tamamilə doğrudu. Ona görə gəlin, gözləyək. Mübarizə hələ qabaqdadı.
MEHMAN SÜLEYMANOV