Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində keçiriləcək bir oyunun yerinin dəyişdirilməsi gündəmə gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, “Lerik” – “Sumqayıt” matçı Lənkəranda yox, Sumqayıtda oynanıla bilər.

Redaksiyamıza daxil olan bilgiyə əsasən, tərəflər arasında artıq razılıq əldə olunub. Hər iki tərəf Peşəkar Futbol Liqasının qərarını gözləyir.

 II Liqa təmsilçisinin ev oyunlarını keçirdiyi Lənkəran Olimpiya Kompleksinin meydanının  süni örtüyünün keyfiyyəti istənilən səviyyədə olmadığından “kimyaçılar” rəqibi öz meydanında qəbul etmək istəyir.

Qeyd edək ki, “Lerik” I təsnifat mərhələsində səfərdə “Füzuli”ni minimal hesabla yenməklə növbəti mərhələyə vəsiqə qazanıb. “Sumqayıt” isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. II təsnifat mərhələsinin oyunları 28-30 noyabr aralığında baş tutacaq.
RƏŞAD QASIMOV