Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Sabah" - "Neftçi" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...
- Azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyini hiss edirdik. Kubokun bütün məsuliyyəti mənimdir. Fanatlardan üzr istəyirik. Çətin dönəmdə gəldik və qış fasiləsindən yaxşı yararlana bilmədik. İstədiyimiz transferləri edə bilmədik. Baş məşqçi olaraq düşünürəm ki, kuboka görə məsuliyyət məndədir. Üzr istəyirik.
- 70-80 faiz oyunçuların "Neftçi"də olması adamı heyrətləndirir. Sabiq İdman direktoru Yens Anderssonu görsəniz, ona nəsə demək istərdiz?
- Heç bir insan haqda danışmaq istəmirəm. Bu gün həddindən artıq üzüldüyüm məqamlar var. Oyuna yaxşı köklənmişdik. İlk hissə bəlkə də, ən yaxşı oyunumuzu göstərdik. 100 faizlik epizodları dəyərləndirə bilmədik. Buraxdığımız qol da öz səhvimizdən oldu. Oyuna qolla başlasaydıq, bəlkə, fərqli olardı. Uşaqlar ilk hissədə çox yaxşı işlər gördü. Əfsuslar olsun, sona qədər davam etdirə bilmədik. Rəqibin heyətində fərdi bacarıqları olan oyunçular çoxdur. Onlar bu komponentdə bizdən üstün oldu. Onların əvəzetmələrindən sonra daha üstün oldular. Oyunçular paltardəyişmə otağına gələndə artıq şikayətlənməyə başladılar. Emin Mahmudov meydanda lider kimi idi, amma o da yoruldu. Çox futbolçu əvəzlənməyi istəyirdi. Əvəzetmələrimiz fayda vermədi. Rəqib hücumameyilli oyunçuları meydana buraxanda fərq yaratdı. Planlar cızırıq. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Yeni mövsümə daha yaxşı başlamaq istəyirik. "Neftçi"yə layiq oyunçular gətirməliyik.
- "Neftçi" - "Kəpəz" oyununda hücumçunuz Bassalu Sambu qırmızı vərəqə almasaydı, indi fərqli olardı?
- Bu haqda danışmaq olmur. Sambu qollar vururdu və bizi ümidləndirmişdi. Cəzasının azaldılmasını istədik, amma etmədilər. Sambu burda yoxdursa, nə üçün digər hücumçular onun kimi oynamır? Azından Demo Darbo, Ramil Şeydayev, gənc Ağadadaş var. Nə olacağını bilmirəm.
- "Qarabağ"la oyunda Darbo, Aleks əsas heyətdə idi. Ancaq bu gün onlar ehtiyatda qaldı. Bu, nədən irəli gəlirdi?
- Dəyişən nəsə yoxdur. Ağadadaş "Qarabağ"la oyunda zədəli idi. Darbo qış toplanışını bizlə keçmədi, sonra bərpa müddəti keçdi.
- Əvəzetmələri gec etdiyinizi düşünmürsüz?
- Heyətdə olan oyunçular matçın əvvəlindəki tempi sona qədər etməməsi fiziki durumla bağlıdır. Onlar belə davam etsəydi, dəyişikliyə lüzum olmazdı. Hər şey istədiyimiz kimi olmur. Emin Mahmudov sonda 2-3 epizodda top itirdi, bu, yorğunluqdan irəli gəlirdi. Mustafa Sek, Ştoqrin əvəzlənmə istədi. Sonradan oyuna girənlər də effekt vermədi.
- "Neftçi" bu gün sanki qocalar evinə bənzəyir. Məsuliyyəti üzərinizə götürməyiniz futbolçuları qorumaqla bağlıdır?
- Oyunçuları mən gətirməmişəm. Ancaq azarkeşlər mənə ümid edirdi, amma bacarmadım. Buna görə üzr istəyirəm.
- Növbəti mövsüm komanda neçə faiz dəyişməlidi?
- Hər məşqçinin öz üslubuna görə oyunçuları olur. Konkret oyunçu götürəndə nələrə üstünlük verəcəyimiz şeylər var. Neçə faiz gedəcək, neçə faiz gələcək, özünüz götür-qoy edərsiniz. Dəyişikliklər lazımdır.
- Əksər legionerlərin müqavilə müddəti və maaşı yüksəkdir. Bu, problem ola bilər?
- Buna cavab vermək çətindir. Ətraflı hər şeyi danışırıq. Klub, komanda üçün ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, problemləri çözə biləcəyik. Nəinki biz, digər komandalar da oyunçularla bağlı problem yaşayıb. Zaman necə olacağını göstərəcək.
Nuh Tarverdiyev