"Şəfa" ilə matçın ilk 15-20 dəqiqəsini yaxşı keçirmədik. Lakin rəqibə də oynamağa imkan vermirdik. Ani top itkisindən sonra qapımızda qol gördük". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Oruc Məmmədov deyib.
22 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının 8-ci turunda "Şəfa"ya qalib gəldiyi oyunla bağlı fikirlərini bölüşüb:
"Buna baxmayaraq, sonradan toparlandıq, qol epizodlarımız oldu və şükürlər olsun ki, qələbə qazandıq. Kollektivimiz çox mehribandır. Oynayan da, oynamayan da hər kəs həvəslidir. Qələbə qazanmağımızda bunun da böyük rolu oldu. Açığı, mövsümün əvvəlində heç kim bu nəticəni gözləmirdi. Lakin turlar keçdikcə düşündük ki, bu qədər əziyyət çəkirik, niyə üst pillələrdə olmayaq? Bu düşüncə ilə meydana çıxırıq və məğlubiyyətsiz seriyamız da davam edir. Ancaq bununla iş bitmir. Qarşıda bizi çox ağır oyunlar gözləyir. İnşallah, hər şey yaxşı olar".
Məmmədov növbəti turda üz-üzə gələcəkləri "İmişli" ilə görüşdən gözləntilərini də açıqlayıb:
"İmişli" çox yaxşı komandadır. Son oyunlarda da qələbə qazanıblar və bu, onları motivasiya edəcək. Buna baxmayaraq, bizim də hədəfimiz üç xaldır".
Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasında 8 turdan sonra 13 xalla 5-ci pillədə qərarlaşıb.