Nigeriyalı futbolçu Favaz Abdullahi üçün Azərbaycandan təklif gəlib. Sport24.az Afrika mətbuatına istinadən xəbər verir ki, bu barədə futbolçunun agenti, Nigeriya millisinin sabiq hücumçusu Stiven Makinva açıqlama verib.
Agent konkret klubun adını açıqlamasa da, Belarusun "Dinamo" (Minsk) klubunda çıxış edən yarımmüdafiəçinin Azərbaycandan da təklif aldığını bildirib.
"Daha əvvəl Sloveniya, Xorvatiya, İsrail, Azərbaycan, Slovakiya və Serbiyadan variantlar var idi. Lakin zədə səbəbindən bu imkanların bəzilərindən yararlana bilmədi".
Qeyd edək ki, Favaz Abdullahi cari mövsümün əvvəlində UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı oyunda meydana çıxıb. Bakıdakı ilk görüşdə "Dinamo" 4:2 hesabı ilə qalib gəlib, səfərdəki cavab matçında isə "Neftçi" 1:0 hesablı qələbə qazanıb. Buna baxmayaraq, Belarus təmsilçisi növbəti mərhələyə yüksəlib.