RƏŞAD QASIMOV
Ötən həftə baş tutan "Sumqayıt" - "Neftçi" matçını prinsipial edən məqamlardan biri də Samir Abasovun qonaqların baş məşqçisi qismində sumqayıtlıların futbol məbədinə, "Mehdi Hüseynzadə"yə gəlişi idi. Mövsümə "kimyaçılar"ın çalışdırıcısı kimi başlayan 46 yaşlı mütəxəssis, hazırda "ağ-qaralar"ı uğura daşımağın formulunu cızır.
Matçdan əvvəl özlüyümdə "yəqin ki, sumqayıtlı azarkeşlər klub üçün etdiklərinə görə Abasovu alqışlarla qarşıyacaq, şəninə şüarlar sələndirəcək" deyə düşünürdüm. Hətta Samir bəyin tribunalara tərəf gedib, onu alqışlayan azarkeşlərə necə təşəkkür etdiyini də təsəvvür edirdim. Hər halda bir sumqayıtlı kimi Abasov hər zaman yaşadığı şəhər barədə yüksək fikirlər səsləndirib, azarkeşlərə isti münasibət göstərib, pisi də, yaxşını da onlarla bir yerdə yaşayıb.
Ancaq necə deyərlər, sən saydığını say, gör bir qrup özünü "Sumqayıt"ın sumqayıtlı fanatı kimi təqdim edən yeniyetmə nə sayır...
Hakimin start fiti səslənən kimi "Ultras Sumqayıt" azarkeş qrupunun üzvləri "Neftçi"nin baş məşqçisinin ünvanına şüarlar səsləndirməyə başladılar, pankart açdılar. Ancaq həmin şüarlarda, pankartda mənim gözlədiyim kimi sumqayıtlı mütəxəssisin ünvanına xoş sözlər yox, əksinə, xoşagəlməz ifadələr yer almışdı.
Futbolun amansız idman növü olduğunu, bu gün səni qəhrəman hesab edənlərin, sabah üz döndərdiyinin dəfələrlə şahidi olmuşuq. Ancaq cəmi bir neçə həftə əvvəl Samir bəyin şəninə az qala bəstələr səsləndirənlərin qısa vaxtda 180 dərəcə dəyişməyi mənə çatmadı, açıq desəm, pis təsir etdi.
Nəyə görə? Nə Abasovun, nə də başqa bir məşqçinin vəkiliyəm. Olmaq da fikrim yoxdu. Sadəcə, bazar günü onu tribundan təhqir edənlərə Samir bəyin "Sumqayıt"ı hansı kluba dəyişdiyinə fikir vermələrini istərdim. "Neftçi" Azərbaycan futbolunun ən köklü, tarixi ənənəsi olan klubudu. Bu gün Abasovun yerində, daha dəqiq desəm, "ağ-qaralar"ın "sükanı arxasında" olmaq istəyən neçə-neçə məşqçi var. Ölkənin üzdə olan, olmayan, məşqçi kimi özünü təsdiq edən və etməyən, gələcəkdə bu yola qədəm qoymaq istəyənlərin demək olar, hamısı ölkənin ən köklü klubunda çalışmaq istəyir və ya arzulayır. Ancaq bu gün üçün realllıq oldur ki, bu missiya Abasovun, sumqayıtlı mütəxəssisin üzərinə düşüb. Sumqayıtlı azarkeşlər (təbii ki, bu hamıya şamil olunmur) 46 yaşlı məşqçini təhqir etmək əvəzinə alqışlamalı, "Neftçi"dəki işində uğurlar arzulamalıdı. Və ən əsası fəxr etməlidilər ki, Azərbaycan futbolunun siması, tarixi hesab olunan klubu məhz onların həmyerlilərinə, sumqayıtlıya etibar ediblər. Kim bilir bir də tarixdə belə hal yaşanacaq, ya yox.
Sonda "Ultras Sumqayıt"ın bəyanat yayaraq, Samir Abasovdan və ailəsindən üzr istədiyini qeyd edim. Ancaq atalarımız "arxadan atılan daş topuğa dəyər" deyiblər. "Ultras Sumqayıt"ın üzvləri gəncdilər, özləri də bilmədən səhvə yol veriblər. Onların özlərində cəsarət tapıb üzrlə bağlı bəyanat yaymalarını tədqirəlayiq addım kimi dəyərləndirmək lazımdı. Ancaq Samir Abasovun onları bağışlayıb-bağışlamadığı sual olaraq qalır...