Əsas millimiz kimi, U-21 yığmamız da bu gün 2022-ci ildə ilk matçını keçirəcək. Sadəcə, Canni de Byazinin komandası səfərdə yoldaşlıq görüşünı çıxacaqsa, Milan Obradoviçin yetirmələri evdə rəsmi matçı olacaq. 21 yaşlılarımızın serbiyalı baş məşqçisi Milan Obradoviç Estoniyayla Sumqayıtda "Kapital Bank Arena"dakı görüşöncəsi Sport24.az-ın suallarını cavablandırıb.
- U-21 yığmamız uzun müddətdən sonra bir araya gəldi. Estoniyayla görüşə hazırlığınız necə keçdi? Futbolçuların fiziki, psixoloji, funksional hazırlığı necədi?
- Həqiqətən çoxdandı görüşmürdük. Son rəsmi matçımız keçən ilin noyabrında olmuşdu. Bilirsiniz, çox şadam yenidən bir araya gəlməyimizdən. Bizi gözəlləşdirən komandamızda çox mehriban, ailə atmosferinin olmasıdı. Bir-birinə hörmət, intizam da öz yerində. Məni Azərbaycan U-21 yığmasında ən çox sevindirən futboçluların istəyi, işə olan yanaşmasıdı - xüsusilə məşqlərə. Hər bir şeyə münasibət ən yüksək səviyyədə olub. Motivasiya da hər zaman belə olub. Bundan pozitiv enerji, emosiya çıxanda, hər zaman işləmək həqiqətən asan və böyük zövqlə olur. Çox sevirəm azərbaycanlı futbolçularla çalışmağı, onlara əmək sərf eləmək ümumiyyətlə, çətin deyil. Səhərdən axşamadək yalnız iş prosesi haqda düşünürük, söhbətləşirik. Bu, daim olur, bir-birimizə suallar veririk. Futbolçulara diqqət maksimal olur ki, bunu hiss etsinlər. Futbolçuların özlərinə gəlincə, bilirsiniz, 2-3 oyun ardıcıl olanda, bizə həmişə ağır olurdu. Məncə, təkcə bizə yox, A milli komandaya da. Futbolçularda öz klublarında dəqiqə baxımından az oynamaları çatışmazlıq ola bilər ki, bunu da birgə böyük istəklə sığortalaya bilərik. Ona görə bu cəhətdən, ümumiyyətlə, narahatlıq keçrmirəm qarşıdakı oyunumuz üçün. Qorxum da yoxdu bu baxımdan. Bir rəsmi oyunumuz var və motivasiyamız ən yüksək səviyyədədi. Əminəm ki, futbolçularımız fiziki planda da özlərini yaxşı tərəfdən göstərəcəklər. Onların hazırlıq durumundan razıyam, yoxsa yox - bu haqda düşünməmişəm. Elə bir insanam ki, özümdən başlayaraq onu fikirləşirəm həmişə daha yaxşı ola bilərəm. İstəməzdim ki, futbolçularımız yüklənmiş olsunlar, əksinə, istəyirəm yığmaya necə böyük istəklə gəliblər, elə də oynasınlar. Prinsipcə, buna həmişə hazırdılar. Onların hər biriylə dəfələrlə söhbətləmişəm və özlərini ən yaxşı tərəfdən göstərmək istəyirlər. Az oynayırlar, buna layiq deyirlər. Klublarında daha çox diqqətə layqidirlər.
- Əsas heyəti özünüz üçün tam müəyyənləşdirmisiniz, yoxsa hələ də tərəddüddə qaldığınız mövqe və ya mövqelər var?
- Bu dəfə məndə əsas heyətlə bağlı dilemma var. Bu də bir mövqeyə görədi. Prinsipcə, bəzən belə olur. Çünki dediyim kimi, bütün futbolçular yaxşı işləyir. Xüsusilə meydanda, məşqlərdə işlərinə çox yaxşı yanaşırlar. Sadəcə, matçın ikinci hissəsiylə bağlı məqamı müzakirə eləmək lazımdı. Oyunun necə keçəcəyini gözləyirik və buna əsasən elə futbolçular seçək ki, fasilədən sonra da komandanı gücləndirə, oyunumuza nəsə yeni bir şey gətirə bilsinlər.
- Təsadüfən həmin bir mövqe qapı deyl ki? Çünki əsas qapıçınız Nicat Mehbalıyev əsas yığmaya dəvət alıb. Ümumiyyətlə, Nicatsız çətin olmayacaq? Çünki digər qapıçılarınızın nə beynəlxalq təcrübəsi var, nə də Premyer Liqa...
- Ümumiyyətlə, çətin olmayacaq, bu, indiyədək də olmayıb. Mənimlə işləyən futbolçuların hamsı prinsipimi bilir. İş prosesində hamıya eyni gözlə baxırıq, eyni cür yanaşırıq. Kimlər ki oynayır, bu, bir günün işi deyil, hamısı məşqiylə, oyunuyla, işə münasibətiylə bunu haqq edir. Qapıçıların beynəlxalq təcrübələrinin olmaması da çətinlik yaratmayacaq. Qapı fikirləşdiyim mövqe deyil, o tam başqa mövqedi. Belə matçlarda gözləyirik ki, digərləri də şans qazansın, bununla beynəlxalq təcrübə əldə etsinlər. Əlbəttə, istəyərik elə qapıçımız olsun ki, Avropa Liqasında. Çempionlar Liqasında, Millətlər Liqasında dayansın. Hələ ki yoxdu bizdə beləsi. Bütün qapıçılarımıza şans verməli, onlara inanmalıyıq. Fikrimcə, bizdə qapıçılar məktəbi çox yaxşıdı. Bax, bunun göstəricisidi ki, Nicat əsas yığmaya getdi və bu mövqeyin oyunçuları ilə bağlı böyük gələcəyimiz var.
- Ukrayna futbolunun yetirmələri olan 2 futbolçudan məhrum qaldınız - biri müharibəyə görə bu ölkədən çıxa bilməyən yarımmüdafiəçi Emil Mustafayev, digəri U-21-ə çağırılan, amma son anda əsas yığmaya yollanan hücumçu Rüstəm Əhmədzadə. Bəs, onların yoxluğunu necə şərh edərdiniz?
- Bu iki futbolçu keyfiyyətləriylə istənilən komandanın oyununa pozitivlik gətirir. Xüsusilə də bizim komandanın. Belə tipdə futbolçularımız yoxdu. Çox təəssüflənirəm yoxluqlarına. Bir oyun olmadı ki, ən yaxşı, güclü heyətimizlə oynayaq. Üzüldüyümüzü deyəndə, əsas bunu nəzərdə tuturam. Bura bizə kömək edə bilməyəcək Mert Çelik və Nicat Mehbalıyevi da əlavə edirəm. Toral Bayramov da çıxış etsəydi, bu, artıq başqa heyət olardı. Bilmirəm, razısınız, ya yox, hər halda, bu zaman tam güclü, ciddi komanda olardı. Üstəlik, hazırda olanlar keyfiyyəti və hər mövqedə rəqabəti daha da artırardılar. Rüstəmin milliyə yollanmağı həm özünə vacibdi, həm də kiçik şans yarandı bizdə oynaması üçün. Onunla bir neçə dəfə söhbətləşmişəm. Çox razı, xoşbəxt idi, böyük istəyi vardı bizə gəlməyə. Tanış olduq, ünsiyyət qurduq onunla. Həm futbolçu, həm də insani baxımından keyfiyyətlidi. Həm Rüstəm, həm də Emillə bağlı böyük gələcəyimiz var.
- Estoniya U-21-ni statistika baxımından bizə məlumdu - aktivində nə xal var, nə də qol. Bəs, necə bir komandadı oyun planında?
- Bütün komandalara hörmətlə yanaşırıq ilk gündən. Fərqi yoxdu hansı rəqiblə görüşürük - 15-20 xalı var, yoxsa heç bir xalı, qolu yoxdu. Estoniyaya da çox ciddi hörmətlə yanaşırıq. İlk növbədə bir dəqiqə belə o fikri yaxın buraxmırıq ki, bizə asan olacaq. Rəqibimizin bütün matçlarına baxmışıq, bilirik hansı üslubda oynayırlar, oyunu necə qururlar, aparırlar, birinci və ikinci hissədə hansı oyun ritmi olacaq, hansı əvəzetmələr edirlər. Bütün bunlar bizə aydındı və futbolçulara da göstərmişik, bir neçə dəfə də təhlil yönümlü söhbətimiz olub. Estoniyaya, hər bir ölkəyə böyük hörmətimiz var. Hər şey ilk növbədə öz oyunumuzdan asılıdı. İşimiz çox olacaq, səbrimiz isə daha çox olmalıdı. Rəqib komanda ki, 9 nəfərlə müdafiə olunur, sıx oynayır, şansını əks-hücumda gözləyir - bütün bunlara böyük səbrlə yanaşmaq lazımdı. Müdafiədə boşluqlar tapıb bundan maksimal yararlanmağımız gərəkdi. Fikrimcə, futbolçularla birgə baş planımızı bilirik - necə etməlyik qalib gələk. Futbolçularımızın hamısı çox dəqiq bilir ki, ağır oyun olacaq. Bu mənada düzgün, böyük diqqətlə, konsentrasiyayla oynamaq vacibdi.
- Hamı U-21-dən ilk qələbəni gözləyir. Hər halda, evdə oynayırıq, rəqib çox münasibdi. Bu mənada nəticəylə bağlı proqnozunuz necədi? Qalib gəlməyə borclu olmağımız futboçular üzərində nə dərəcədə psixoloji təzyiq, gərginlik yaradır?
- Rəqibi qiymətləndirməmək olmayacaq. Çünki bizi heç də asan sınaq gözləmir. Nəticəylə bağlı proqnozu heç vaxt vermirəm. Bunu da rəqibə, işləyən məşqçilərə, oynayan futbolçulara görə edirəm. Başqa komandalarla bağlı da bunu etmirəm, öz komandamla bağlı xüsusilə. Təzyiqə gəlincə, çox istərdim ki, futbolçularmızın öz klublarında çox oynamaq imkanları olsun. Onda bu haqda düşünə və müqayisə apara bilərdilər ki, hansı vacib oyundi, hansı çox, super vacib oyundu. İnanın mənə ki, onların üzərində heç bir təzyiq yoxdu. Rəqibə hörmət isə daim var. Futbolçularımızın elə böyük istəkləri var ki, bütün ölkəyə göstərsinlər gənclər yığmasında, öz klublarında çıxış etməyə layiqdirlər. Bəzən onlarla söhbətləşəndə, bunu elə böyük emosiyayla deyirlər ki, onları sakitləşdirməli olursan. Çünki bu, çox olmamalıdı, gücünü da qorumalısan. Enerjin, gücün gedir, diqqəti, konsentrasiyanı saxlamalısan. Meydanda 1-ci dəqiqədən 90-ci dəqiqəyədək vaxtın hədər getməlidi - hansının ki olması gözlənilir. Mental cəhətdən artırmalıyıq.
- Bir müddətlik fasilədən sonra yenidən Sumqayıtda çıxış edəcəksiniz. "Kapital Bank Arena"da bu dəfə hansı ab-havanı gözləyirsiniz?
- Mənim üçün böyük xoşbəxtlikdi ki, Sumqayıta qayıdırıq. HOrdakı stadionda Azərbaycan himni dinləyəndə ürəyim xüsusi döyünür. Bu arena mənə, bizim komandaya, bizim futbolçulara o qədər pozitiv enerji verib, yenə də verir. Orda yaxşı oyunlarımızı da keçirmişik. Bu stadion sadəcə, ürəyimizcədi. Daim tribunalarda böyük enerji hiss edirsən. Fərqi yoxdu hava necədi - günəşdi, yağışdı, qardı, yoxda güclü güləkdi. Təki, hava da münasib olaydı ki, stadiona çox gəlsinlər və 12-ci oyunçu olsunlar. Futbolda çoxdanam və Sumqayıtdakı meydança, stadion kimi olanı çox az görmüşəm. Hansında tribunalarda pozitiv enerjini birbaşa hiss edəsən.
- Həmin sumqayıtlı azarkeşlərə saytımız vasitəsilə sözünüz nə olardı?
- Azarkeşlərimizlə fəxr edirəm həmişə. Hansılar ki gəlib bizə dəstək olur, azarkeşlik edirlər. Bu, bizə daha bir məsuliyyət, motivasiya verir ki, onlar qarşısında yaxşı oynamaq və təbii ki, qələbə də bəxş eləmək. Bunun da nəticəsində evlərinə xoşbəxt, böyük sevincli yollansınlar. Azarkeşlərimizə bir sözüm var ki, bu da minnətdarlıqdı - gəldiklərinə, verdikləri dəstəyə, azarkeşliklərinə görə. Həm də ona görə təşəkkür düşür azarkeşlərimizə ki, bütün futbolçulara, çəkdikləri əməyə hörmətlə yanaşırlar. Oyunçularımız da hətta güclü rəqiblərlə qarşılaşanda, nəticə qazanmağa çalışırlar. Hava şəraitinə baxmayaraq, azarkeşlərin enerjisi hiss olunur 90, hətta 95 dəqiqə. Ona görə minnətdarıq ki, oyundan sonra futbolçulara meydanda qoyduqları gücə görə təşəkkürlərini çatdırırlar. Azarkeşlərimiz stadionda iştirakları və enerjiləriylə hətta güclü yığmalara məğlubiyyətdən sonra üzülməyə imkan vermirlər. Özü də bu, bir dəfə olmayıb. Onların dəstəyi olanda özümüzü rahat hiss edirik, 12-ci oyunçu kimi yanımızdadırlar. Verdikləri dəstəklə bizi ruhlandırırlar, oyunumuzu daha da yaxşılaşdırmağa məcbur edirlər.
MEHMAN SÜLEYMANOV