Kluba gəldiyim gündən bəri bu, ilk məğlubiyyətimizdir. Azərbaycan Kubokunda "Qəbələ"yə uduzduğumuz oyunu istisna etsək, komandamız ümumilikdə yaxşı çıxış edirdi". Bu sözləri Sport24.az-a I Liqa təmsilçisi "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.
Gənc mütəxəssis ötən gün komandasının "Mingəçevir"ə məğlubiyyətini şərh edib:
"Bu oyunda da hesabı bərabərləşdirmək üçün bir çox qol epizodlarımız oldu. Rəqib də kifayət qədər təhlükəli hücumlar qurdu və qol şansları yaratdı. Oyunun sonlarına yaxın hesabı bərabərləşdirmək üçün daha çox irəli atıldıq. Lakin bu zaman qapımızda üçüncü qolu gördük. Hücum potensialını artırmaq məqsədilə bir müdafiəçini hücumçu ilə əvəz etdik, digərini isə irəli göndərdik. Təəssüf ki, irəli atıldığımız anlarda müdafiədə boşluqlar verdik və yenidən qollar buraxdıq. "Mingəçevir" isə bu şanslardan maksimum yararlandı. Onları təbrik edirəm, qələbəyə layiq idilər. Xeyr, futbolçularda arxayınlıq yox idi. Onlar qələbə qazanmaq üçün maksimum səy göstərdilər. Sadəcə rəqib bizdən daha yaxşı çıxış etdi. Buna baxmayaraq, komandada ruh düşkünlüyü yoxdur. Çünki hamı 8 xal fərqi ilə turnir cədvəlinin zirvəsində olduğumuzun fərqindədir. Bu məğlubiyyətdən nəticə çıxarıb liderliyimizi qoruyaraq çempionluq uğrunda mübarizəni davam etdirəcəyik".
Qeyd edək ki, "Mingəçevir" – "Şəfa" matçı 5:2 hesabı ilə başa çatıb.