"Minay"ın futbolçusu Anatoli Nuriyev "Olimpik" (Donetsk) komandasına 2:1 hesabı ilə qalib gəldikləri Ukrayna Premyer Liqasının XVI tur matçı barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasında ilk dəfə penaltilərlə dubl etdikdən sonra iki sarı vərəqə alaraq, meydandan qovulma halının baş verdiyini söyləyib.

Əslən azərbaycanlı, millimizə cəlb edilməsi gündəmdə olan forvard qollarını komanda işinin nəticəsi kimi dəyərləndirib: "Karyeram ərzində qol vurub qırmızı vərəqə aldığım oyun olub, amma beləsi heç vaxt olmamışdı. Qol vurmağım üçün komanda çalışır. Sadəcə, penaltini yerinə yetirirəm. 8 qolumdan 5-ni 11 metrlik cərimə zərbəsindən vurmuşam".

Ukrayna Premyer Liqasında bombardirlər yarışında 3-cü pilləyə yüksələn Nuriyev növbəti tur Kiyevdə "Dinamo"ya qarşı oynaya bilməyəcəyindən təəssüfünü də dilə gətirib. Onun fikrincə, belə komandalara qarşı oynamaq maraqlı olardı.