"Neftçi" qışdan sonra yüksəlişdə olsa da, "Turan Tovuz"dan qələbə gözləyirəm". Bu sözləri Sport24.az-a açıqlamasında Nizami Sadıqov deyib.

Veteran futbolçu Misli Premyer Liqasının XXIII turunda bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb:

"Tovuzlular qalib gəlsə, ilk "üçlük"də yerini bir qədər də möhkəmləndirəcək, avrokubok yolunda önəmli addım atmış olacaq. Çempionatın sonuna 10 oyun var. "Neftçi" uduzsa belə qitəmiqyaslı turnirlərə yollanmaq şansı az da olsa qalacaq".

Sadıqov çempionatdakı klubların səviyyəsinə də toxunub:

"Komandaların arasında elə də böyük səviyyə fərqi yoxdur. "Turan Tovuz"un ən yaxın izləyicisi "Zirə" də yaxşı təsir bağışlayır. Görünən odu ki, qarşıdakı turlarda bizi istər üst, istərsə də alt pillərdə gərgin mübarizə gözləyir.

Qeyd edək ki, bu gün baş tutacaq "Neftçi" - "Turan Tovuz" oyunu saat 20:30-da start götürəcək.