"Neftçi" yeni mövsüm öncəsi heyətinə qatmaq istədiyi Kennedi Boatenqin transferində gözlənilməz çətinliklərlə qarşılaşıb. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, hazırda Rumıniyanın "Dinamo" klubunda çıxış edən toqolu müdafiəçinin müqaviləsi yayda başa çatır.

Bu səbəbdən "ağ-qaralar" hələ ilin əvvəlində futbolçunun tərəfi ilə ilkin danışıqlara başlayıb və onu azad agent kimi heyətə qatmağı planlaşdırıb.

Lakin son dönəmlərdə sabit çıxışı Boatenqə marağı xeyli artırıb. Nəticədə müdafiəçiyə Avropanın müxtəlif ölkələrindən, eləcə də Çindən daha sərfəli maliyyə təklifləri gəlib. Bu isə "Neftçi"nin planlarını çətinləşdirib və danışıqlarda üstünlüyü rəqiblərə verir.

29 yaşlı futbolçunun bazar dəyəri Transfermarkt göstəricilərinə əsasən 1,2 milyon avrodur. Müqaviləsinin başa çatması isə onu yay "transfer pəncərəsi"nin cəlbedici adlarından birinə çevirib.

Hazırda "Neftçi" rəhbərliyi oyunçunu razı salmaq üçün şərtləri yenidən nəzərdən keçirir. Buna baxmayaraq, Boatenqin karyerasını hansı ölkədə davam etdirəcəyi hələlik açıq qalır.