"Komandanın geridönüş etməsi mümkündür". Bu sözləri Sport24.az-a "Neftçi"nin sabiq qapıçısı İvan Brkiç deyib.
29 yaşlı qolkiper "ağ-qaralar"ın Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması ərəfəsində "Sabah"a qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:
"İlk qarşılaşmada 1:2 hesabı ilə uduzmaq yolun sonu deyil. Düzgün yanaşma, matça yaxşı köklənmə və azarkeşlərin dəstəyi ilə nəticəni dəyişə bilərlər".
Xorvatiyalı sabiq komandasının cari mövsümdəki çıxışına da toxunub:
"Bu mövsüm çox uğursuz təsir bağışlayırlar. Bu, çoxlarını şoka salıb. Amma "Neftçi" "Neftçi"dir. Bu adın çəkisi var. Komandaya inanmaq lazımdır. Nə qədər kobud səslənsə də, bunu mütləq deməliyəm. Bəzi futbolçular xarakter baxımından bu formanı geyinməyə layiq deyillər. Həqiqət budur. "Neftçi" kimi klubda çıxış edəndə təkcə komandaya deyil, fanatlara və klubun ənənəsinə görə də məsuliyyət daşımalısan".
Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı aprelin 23-də baş tutacaq.