"Neftçi" mövsümün sonunda futbolçusu Alessio Kurçi ilə yollarını ayırmaq niyyətindədir. Sport24.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Yuri Vernidub lüksemburqlu oyunçunu növbəti mövsüm planlarına daxil etməyib.
Lakin burada ciddi hüquqi maneə var. Kurçinin klubla müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
O, 2025-ci ilin iyulunda, komandanı Samir Abasov çalışdırdığı dönəmdə "Neftçi"yə transfer olunub və tərəflər arasında üç illik sözləşmə imzalanıb.
Cari mövsümdə isə oyun praktikası baxımından Kurçi gözləntiləri doğrultmayıb. O, ümumilikdə 14 matçda cəmi 236 dəqiqə meydanda olub ki, bu da məşqçilər korpusunun ona yetərincə etimad göstərmədiyini ortaya qoyur.
Belə vəziyyətdə paytaxt klubu ya futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməli, ya da ona yeni klub tapmalıdır. Əks halda, uzunmüddətli müqavilə "Neftçi" üçün əlavə maliyyə yükünə çevrilə bilər.