"Neftçi" Misli premyer-liqasının 13-cü turunda səfərdə "Turan Tovuz"la qolsuz bərabərlərliyə razılaşdı. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Sənan Qurbanovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.


- İddialı kluba qarşı oynadıq. Bu meydançada gözləntilərimiz mübarizəli oyun idi. İki gün məşq keçə bildik. Bura qələbə qazanmağa gəlmişdik. Qarşıdakı günlərdə komandamız işə bu şəkildə ciddi yanaşsa, uğur uzaqda deyil.


- Nəyi dəyişmək istədiz?

- Sadəcə, müdafiədə daha ciddi oynamağa çalışırdıq. Müdafiədən hücuma keçidlərdə rəqibimiz təhlükəlidi. "Neftçi" daha yaxşı yerlərə layiqdi.

 

- Bu xalı qənatbəxş saymaq olarmı?

- Qələbə bizi ön sıralara da ata bilərdi. Hər iki komanda sonda 1 xal qazandı. Ümidlə baxmaq lazımdı. Mübarizənin keyfiyyətini artırsaq, yaxşı olacaq.

 

- Tovuzdan getmişdiz, qayıdası olduz. Özünüzü bu matça necə hazırladız?

- Həm özümü, həm də komandanı psixoloji baxımdan hazırlamağa çalışdım. Komandamız pis çıxış etmədi.

 

- Karyeranızda tanınmış insanlarla bir yerdə işlədiz. Abubakarın da baş məşqçisi olduz. Onunla işləmək necə idi?

- Çox peşəkar futbolçudu, işə ciddi yanaşır. Bazaya tez gəlir, məşqlərdə canla-başla çalışır.

 

- Samir Abbasov son müsahibəsində belə dedi ki, adamın arxasında kimsə olmalıdı. Həqiqətən kimsə lazımdı?

- Samir Abbasov mənim dostumdu, sonuncu dəfə "Neftçi"ni çempion edən adamdı. Özünü sübut etmiş məşqçidi. Bu naliyyətlər məşqçini önə gətirir.

 

- Bundan sonrakı dönəm üçün "Neftçi"nin hədəfinin ölkə kuboku olacağını demək olar?

- Basqı altında oynamaq da asan deyil."Zirə" ciddi rəqibdi. Hazırlığı davam etdirəcəyik.

 

- Samir Abasov gənclərə az şans verdiyinə görə qınanırdı. Rza Cəfərovu meydanda görmədik. Murad da az oynadı…

- Birdən-birə qlobal dəyişillik etmək də düzgün olmazdı. Rza, Ağadadaş və Murad da perspektivli futbolçudu. Yetərincə şans da qazanıblar.

 

- "Zirə" ilə kubok oyununa komandanı siz çıxaracaqsız?

- Bilmirəm. Akademiyada işləyirəm. Nə desələr, sevə-sevə yardım göstərərəm.

 

- Sizlə birbaşa müqavilə bağlamağa nə mane oldu?

- Burda daim uğur qazanmalısan. Təklif etsələr, məmnuniyyətlə qəbul edərəm.