"Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Reqekampf mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, 47 yaşlı rumıniyalı mütəxəssis əvvəlcə təəssüratlarını bölüşüb.
- Bütün rəhbərliyə, prezidentə, əməyi keçən insanlara təşəkkür edirəm ki, məni bura dəvət etdilər. Komanda ilə məşqlərə başlayırıq. Əminəm ki, hamımız birlikdə klubu layiq olan yerlərə çıxararıq. Konfrans Liqasında uğurlar qazanıb, irəliyə getmək istəyirik. Eyni zamanda daxili liqada titul üçün mübarizə aparacağıq. Bilirik ki, asan deyil. Həyatda asan heç nə yoxdu.
- Konfrans Liqasının startına az qalıb. Vaxtın az olması sizin işinizə nə dərəcədə mane olacaq?
- Bəli, komandanı hazırlamaq üçün az müddət var. Eyni zamanda da millinin oyunçuları var ki, hələ komandaya qoşulmayıblar. Bir neçə gün sonra komanda ilə bərabər olacaqlar. Digər oyunçulara gəldikdə, komandadadılar, məşqdədilər. İyulun 1-dən toplanışa başlayacağıq. Hamımız orada birlikdə olacağıq. Bura gəlməmişəm ki, vaxt baxımından şikayətlər edim. Vaxtla bağlı həmişə problem olub. Çünki zaman sürətli keçir. Biz komandanın hazırlığına başlayacağıq və əminəm ki, Konfrans Liqasının ilk oyununa kimi komanda hazır olacaq.
- Komandanın yerli qapıçılarından olan Rəşad Əzizli qalacaq, yoxsa legioner qapıçı gələcək?
- Bu mövzuda suallara cavab verə bilmərəm. Bu gündən etibarən istədiyimiz komandanı qurmaq istəyirik. Biz tərəfdən tez bir zamanda mesaj alacaqsınız. Həm komanda, həm yeni oyunçular haqda.
- "Neftçi" azarkeşləri komanda uduzduqdan sonra baş məşqçini istefaya səsləyirlər. Buna dözə biləcəksiz?
- Bu, mənim üçün problem deyil. Hər bir komandada həmişə təzyiq altında işləmişəm. Əlbəttə ki, onları yaxşı başa düşürəm. İstəyirlər ki, hər gələn məşqçi uğurlu nəticələr gətirsin. İstər avrokuboklarda, istərsə də yerli liqada. Azarkeşlərin təzyiqini motivasiya kimi qəbul edirəm. Bir də oyunçularımı oyatmaq üçün istifadə edirəm. Düşünürəm ki, hər oyunda azarkeşlər yanımızda olacaq. Həm dəstək olsunlar, həm də hər bir oyunda təzyiq yaratsınlar.
- Köməkçi məşqçilər arasında yerlilər olacaq?
- Mənim bütün köməkçilərim buradadı. Əvəzedici heyətin baş məşqçisi ilə çox yaxın əməkdaşlıq edəcəm. Çünki, klubda hər bir gənc haqda məlumat toplamalıyam. Əgər biz qərar versək ki, məşqçi heyətimdə yerli məşqçi də işləməlidi, bu mövzuda heç bir problem yoxdu.
- Rumıniya mətbuat yazmışdı ki, 40 min avro qazanacaqsınız. Bu haqda nə düşünürsünüz? Deyilənə görə, sizə görə xüsusi büdcə ayrılacaq...
- Düşünürəm ki, kontrakt klubla mənim aramda olan məsələdi. Heç yerdə bu haqda danışmamışam. Mətbuat həmişə belədir, maliyyə elə mövzudu ki, hamını maraqlandırır. Ona görə həqiqəti əks etdirməyən məqalələr dərc edirlər.
- Əvvəlki klublarda çox işləməmisiniz. Burada necə olacaq?
- Müqaviləm iki illikdi. Məcbur edə bilmərəm ki, prezident mənimlə 5 illik müqavilə imzalatdırsın. Necə olacağını Allah bilir.
- "Neftçi"dən təklif gələndə Mirça Redniklə söhbətiniz olub?
- Xeyr, ehtiyac duymadım ki, "Neftçi" haqda kimdənsə maraqlanım. Hər komandaya mənim öz baxış bucağım var. Əlbəttə ki, təklif aldıqdan sonra Bakıya gəldim və rəhbərliklə üzbəüz söhbət etdim, layihə haqda danışdıq, qərar verdim. Düşünürəm ki, "Neftçi" ölkədə ən tanınmış klubdu.
- Yeni baş məşqçi hansı taktiki sxemdən istifadə edəcək?
- Fikrimcə, oynadığın hansı format yox, önəmli amil dinamikadı. Hücumameyilli futbol oynayacağıq. Mənim futbol fəlsəfəmə də bir şey aiddi ki, komandam topa sahib olsun, sürətli hərəkət etsin, aqressiv olsun, kontakt futbolu bəyənirəm. Qarşıdakı periodda bu amillərin üzərində çox işləyəcəyik. Oyun formatı haqda ağlımda hər şeyi bilirəm. Gəlin bunu sizə ilk rəsmi oyunla göstərim.
- Çempionatda limit barədə məlumatınız var yəqin. 7+4-dü. Bu limit sizə problem yaratmayacaq?
- Əlbəttə, lazımı mövqelərə xarici oyunçu gətirsən, sənə uğurda kömək olar. Eyni anda da yerli oyunçuların üzərində təzyiqlər çox olacaq. Onlar daha çox məşq edəcəklər, üzərilərində işləyəcəklər. İmkan yaranacaq ki, yaxşı oyunçularla birlikdə məşq etsinlər. Eyni zamanda da yerli futbolçular səviyyə baxımından inkişaf etmiş olacaq. Heç vaxt media önündə şikayətlənməyəcəm. Hər bir konfransda görməyəcəksiz ki, mən nədənsə şikayətlənirəm. Hakimlər haqda şikayətlənməyi xoşlamıram. Bəzən amma meydanın kənarında bunları unudursan, əsəbləşirsən. Çalışacam ki, öz oyunçularımı dəstəkləyim. Biz tərəfdən dəstək həmişə olacaq. Şikayət olduğu zaman bunu qapalı yerdə müzakirə edirəm.
- Azərbaycan Premyer Liqsı barədə məlumatınız var idi? Rumıniya və Azərbaycan çempionatını necə müqayisə edərdiz?
- Müqayisə etməyə ehtiyac yoxdu. Gəlməmişdən öncə kfiayət qədər məlumatım var idi Azərbaycan çempionatı haqda. Son illər ölkənin klubları Avropa Liqasında oynayıblar. Kifayət qədər məlumatım var.
- Rəhbərliklə hansı şərtlərlə razılaşdınız?
- Bayaq dediyim kimi, "Neftçi" ölkənin ən böyük klubudu. Klub Konfrans Liqasında oynayır, yaxşı heyəti var. Burada olduğuma görə şadam. Heç də hər şey pul deyil. İnanın ki, pul mövzusu olsaydı, bu gün burada olmayacaqdım.