Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində “Keşlə”ylə evdə 1:1-lik bərabərliyə qalan  “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Bilirdik ki, rəqib yeni məşqçi ilə yeni bir dönəmə qədəm qoyub. Sənan Qurbanovu istəkli komanda düzəltməsi münasibəti ilə təbrik edirəm. Hər iki tərəf 3 xal istəyirdi. Qarşılaşma əsəbi keçdi. Bu da turnir cədvəlindəki mövqedən irəli gəlirdi. Artıq neçənci oyundu ki, hücumda xeyli qol epizodu yaradırıq. “Qarabağ” kimi rəqiblə belə, 3-4 şansımız oldu. Bəlkə də son nöqtəni qoymağa ustalıq səviyyəmiz çatmadı. Bu gün də 5-6 epizodu boşa verdik. Sevindirən hal budur ki, məğlubiyyətdən qaçmağı bacardıq. Növbəti oyuna hazırlaşacağıq.

- “Səbail” yalnız qol buraxdıqdan sonra əzmkarlığı artırdı...
- Bu, başadüşüləndir. Futbolçulara belə əzmkarlığa görə təşəkkür edirəm. Mudafiədəki səhvləri minimuma endirmişik.

- Kamran Ağayevin yoxluğu nə ilə əlaqədar idi?
- “Sumqayıt”la oyunda kiçik zədə almışdı. Tədricən məşqlərə qoşulub. Kamran bizim əsas futbolçarımızdandı.