"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib. Sport24.az xəbər verir ki 50 yaşlı mütəxəssis İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermədə "Sabah"ın və millimizin yarımmüdafiəçisi Alesey İsayevə səs verib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov cari mövsümün oyunçusu seçilmiş "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Kadi Borgesi bu ada layiq görüb. 40 yaşlı mütəxəssisin "Neftçi"dəki həmkarı Samir Abasov və "Şamaxı"ya rəhbərlik edən Rüstəm Əliyev eyni fikirdə olub.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev və "Səbail"lə yollarını ayıran Aftandil Hacıyev "Neftçi"nin kapitanı Emin Mahmudovu fərqləndirib. "Sabah"ın rusiyalı baş məşqçisi Murad Musayevlə "Sumqayıt"dan Aleksey Baqanın seçimləri fərqli olub. Belə ki, Premyer Liqamızın əcnəbi çalışdırıcıları müvafiq olaraq "Qarabağ"dan kabo-verdeli yarımmüdafiəçi Patrik Andradeyə və millimizin də kapitanı olan müdafiəçi Maksim Medvedevə səs veriblər.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda "Kəpəz"də çıxış edən Cavid İmamverdiyev (2017/2018), "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019), "Qarabağ"ın legioneri Abdullah Zubir (2019/2020) və hazırda Türkiyə "Bursaspor"unun formasını geyinən Namik Ələskərov (2020/2021) ən yaxşı seçilib.