Cari mövsümdə I Liqanın iddialılarından sayılan "Mingəçevir"də sular bulanıb. Bu barədə Sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.

 

Redaksiyamıza ötürülən bilgiyə əsasən, klubun sponsoru olan ASTA komandanın maliyyə xərclərini qarşılamaqda çətinlik çəkir. Bu üzdən "nur şəhəri"nin təmsilçisində maaşla bağlı problemlər baş qaldırıb. Hazırda klub ancaq AFFA-nın ayrıdğı vəsait hesabına ayaq üstə dayanıb.

 

Vəziyyətən bu həddə çatması isə futbolçuları narazılığına səbəb olub. Xüsusilə legionerlər belə durumdla barışmaq istəmirlər. Mənbəmizin sözlərinə görə, əcnəbi futbolçular qış fasiləsində "Mingəçevir"dən ayrılmaq istəyirlər.

 

Qeyd edək ki, 7 turdan sonra aktivində 13 xal olan komanda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Mingəçevir" lider "Şəfa"dan 6 xal geri qalır.