"Nəriman Axundzadənin "Kolambus Kryu"dan ayrılmasının əsas səbəbi kifayət qədər oyun praktikası qazanmaması idi". Bunu Sport24.az-a açıqlamasında 22 yaşlı futbolçunun agenti Tural Əsgərov deyib.
Menecer Azərbaycan millisinin üzvünün "Ərzurumspor"a keçidinin detalları barədə də danışıb:
"Ona bir neçə klubdan təklif gəldi. Nəriman onların arasından "Ərzurumspor"u seçdi. Agent futbolçunu müxtəlif klublara təklif edir. Bəzi komandalar maraq göstərir, bəziləri isə yox. Daha sonra tərəflər arasında danışıqlar aparılır və şərtlər hər iki tərəfi qane etdikdə transfer baş tutur. Dediyim kimi, Nərimanla maraqlanan başqa klublar da var idi. Sadəcə, onların adlarını açıqlamaq istəməzdim".
Qeyd edək ki, "Ərzurumspor" Nəriman Axundzadəni satınalma hüququ ilə 1 illik icarəyə götürüb. Hücumçu bu ilin fevralında "Qarabağ"dan MLS təmsilçisi "Kolambus Kryu"ya transfer olunub. ABŞ klubu onunla 3,5 illik müqavilə imzalayıb.