Növbəti mövsümə xaricdə hazırlıq keçən klublarımızdan biri "Səbail" oldu. Gürcüstanın paytaxtı Tiflisdə 10 gün təlim-məşq toplanışında olan Mahmud Qurbanovun komandası bu ölkənin yüksək liqa təmsilçiləriylə 3 yoxlama matçı keçirdi. Tiflis "Dinamo"suna 0:2 hesabıyla uduzan "dənizçilər" "Qaqra"ya 2:1 hesablyla qalib gəldi, "Dila"yla 1:1 hesablı bərabərliyə qaldı. Artıq Vətəndə olan 49 yaşlı Qurbanov Sport24.az-a müsahibəsinə yeni komandasıyla keçdiyi bu toplanışı dəyərləndirməklə başlayıb. 

 - Düşünürəm faydası oldu o baxımdan ki, 10 gün ərzində 3 yoldaşlıq görüşü keçirdik. Gürcüstanın yaxşı komandalarıyla oynadıq. Fikrimcə, bu sınaq matçlarının komandaya xeyri olacaq çempionat ərzində. Orda göstərdiyimiz oyunlarda futbolçuların fiziki hazırlığının yaxşı vəziyyətdə olduğunu və çatışmayan cəhətlərimizi də gördük. O baxımdan Tiflis hazırlığını faydalı sayıram.

- Hansı çatışmayan cəhətləri gördünüz?

- Onsuz də hər hər oyunda çatışmayan cəhətlər görünür. Bunun hamısını ümumilikdə demək olmur. Amma fiziki durumla bağlı düşünürəm ki, yaxşıyıq. 

- Hələ Bakı toplanışında saytımıza müsahibənizdə vurğulamışdınız ki, ilk növbədə müdafiə olunmağı bacarmalıyıq, sonra hücuma keçməyi. Tiflis toplanışındakı matçlar müdafiə planında hazırkı vəziyyətin necə olduğunu göstərdi?

- Deməzdim ki, müdafiəylə bağlı böyük problem var. Bəli, yeni vaxtda yoldaşlıq görüşlərində - "Sabah"la və Tiflis "Dinamo"suyla matçlarda bu problem görünürdü. Ancaq sonrakı oyunlarda səhvlər azaldı. Çox böyük boşluqlar görünmədi arxa xəttimizdə. Bu, son 2 matçımıza aiddi.

- Çempionatımız artıq bu həftə start götürür. Optimal heyəti formalaşdıra bilmisiniz?

- Bir şey deyim ki, bizdə əsas, yaxud ikinci heyət anlayışı yoxdu. Hazır olan futbolçular meydana çıxacaq. Hesab edirəm ki, bütün futbolçularımız bizim üçün vacibdi. Hazır olanları da hər matçda oynatmaq fikrimiz var. Bizdə hələ ki belə bir şey yoxdu ki, dəqiq "11-liy"imiz var. 

- Bir şeyi də nəzərə alaq ki, "transfer pəncərəsi" hələ açıqdı. Heyətin komplektləşməsi başa çatıb, yoxsa davam edəcək transferlər?

- Yaxşı oyunçular gördükcə, götürəcəyik əlbəttə. Say bir də ola bilər, iki də. 

- Hücum xəttinə?

- Deməzdim yalnız bu mövqeyə. Hücum xətti də ola bilər, müdafiə də. Baxırıq da, harda qarşımıza çıxsa bizə lazım olan futbolçu, götürəcəyik.

- Yəni, ümumi axtarış gedir, konkret namizəd yoxdu?

- Sözün düzü, belə bir böyük axtarış getmir, yoxdu. 

- Kapitanınızı müəyyənləşdirmisiniz?

- Komanda daxilində vitse-kapitanları müəyyənləşdirəcəyik. Əsas kapitanımız Rahid Əmirquliyevdi. O qalacaq dəqiq bu ampluada. Ola bilər ki, Rahid əsas heyətdə olmasa, seçəcəyimiz vitse-kapitanlardan biri sarğını daşıyacaq.

- İlk matçı səfərdə son çempionla - "Qarabağ"la başlamaq nə dərəcədə planlarınıza uyğun gəlir? Aydın məsələdi ki, bütün rəqiblərlə görüşəcəksiniz. Amma hər halda, püşkün belə olması sizin üçün debütdə bir narahatlıq yaradırmı?

- Onsuz da "Qarabağ"la oynayacağıq çempionat ərzində - 4 dəfə görüşməliyik. Favoritə, çempiona qarşı oynamaq əlbəttə, yaxşıdı ilk matçda. Fikrimcə, maraqlı oyunun şahidi olacağıq. Çempiona qarşı oynamağımıza baxmayaraq, çalışacağıq ki, bu oyundan yaxşı nəticəylə ayrılaq. 

- Yaxşı nəticə deyərkən, təbii ki, xala ümid edirsiniz?

- Əlbəttə ki. 

- "Qarabağ"ın hazırda Çempionlar Liqasında çıxış eləməsi, diqqətini daha çox bura yönəltməsi, hər çempionatda startda adətən xal itkilərinin olması işinizə yarayırmı?

- Fikrimcə, "Qarabağ"da birinci, ikinci heyət yoxdu. Orda hansı futbolçular çıxıb oynasa, elə əsas heyət kimi oynayacaqlar. 

- Uzun fasilədən sonra Premyer Liqaya qayıdırsınız. Bəs, özünüzlə bağlı gözləntiləriniz nədir?

- İndiki zamanda özümü yox, komandanı fikirləşirəm ki, onun üçün yaxşı olsun. "Səbail" turnir cədvəlində yaxşı yerdə olsa, deməli, mənim üçün də yaxşıdı. Buna görə özümü deyil, komandanı düşünürəm (gülür).

- O mənada nəzərdə tuturam ki, bunadək çempion olduğunuz "Neftçi-2" ilə çıxış etdiyiniz I Divizion səviyyəcə başqa turnirdi, Premyer Liqa isə tam fərqli...

- Ola bilər başqaları üçün başqa yarış olsun, amma çempionatdı hər biri. Bu işin içindəyik. Əvvəllər də "Kəpəz"də işləmişəm Premyer Liqada. Ayırd eləmirəm ki, bu, I Diviziondu, bu, Premyer Liqadı.  

 

 

MEHMAN SÜLEYMANOV