Mövsümlərarası fasilədə Zaqreb "Dinamo"sundan ayrılan Mahir Emrelei dünən yeni klubu ilə müqavilə bağladı. Millinin də şərəfini qoruyan futbolçu qarşıdakı mövsümdə 2-cu Bundesliqa təmsilçisi "Nürnberq"in formasını geyinəcək. 27 yaşlı oyunçu Sport24.az-a eksklüziv müsahibəsində yeni klubuna keçidi barədə danışmaqla yanaşı, bizi maraqlandıran digər sualları da cavablandırıb.  

 

- İlk növbədə keçidin baş tutması barədə danışmağınızı istəyərdik.
- "Nürnberq" 2-ci Bundesliqa təmsilçisi olsa da, dərin kökləri və tarixi olan klubdu. Onlar "Bavariya"dan sonra ən çox titul çempion olan komandadı. Bu kluba keçidimin səbəblərindən biri də zədələi olmağıma rəğmən almanıarən məni heyətində görmələrinə israr etmələriydi.

 

- Digər klublar da personanıza maraq göstərsə də, sonda yenə də almanlara üstünlük verdiz...
- Digər təkliflərimə gəlincə, əsas "Dinamo" Zaqreblə razılığa gəlməyə çalışırdıq. Amma bəzi detallarda anlaşa bilmədik.

 

- Anlaşma barədə istər Almaniyada, istərsə də Azərbaycan mediasında uzun müddət yazılsa da, keçid yalnız dünən rəsmiləşdi. Maneə nə idi ki, anlaşma bu qədər yubanırdı?
- Yığmanın toplanışı zamanı aldığım zədə uzun çəkdiyi üçün transfer danışıqlarım və harda çıxış edəcəyim xeyli yubandı. Burda həkimlər zədə məsələlərinə olduqca ciddi, həssas yanaşırlar. İstəmirlər ki, köhnə zədə yenidən baş qaldırsın.

 

- Baş məşqçiniz Miroslav Klozenin personanıza xüsusi önəm verməsi barədə məlumatlar var. Maraqlıdı, sabiq dünya çempionunun israrla sizi istəməsinin başlıca səbəbi nədi?
- Təbii ki, Miroslav Kloze kimi əfsanənin mənə zəng edib, söhbət etməsi, futbol fəlsəfəsi haqqında danışması ayrıca motivasiya verdi. Belə ulduz futbolçunun sərəncamında olmaq xoşdu və onun etimadını doğrultmağa çalışacam.

 

- Kifayət qədər zəngin tarixi olan "Nürnberq"in hədəfi I Bundesliqaya qayıtmaqdır. Hədəf nə dərəcədə real görünür?
- Klub aşağı liqaya düşsə də, başlıca məqsəd yenidən Bundesliqaya qayıtmaqdı. Hələ tam formada deyiləm və komandayla məşq etməyə zamanım olmayıb. Amma komandamın elitaya çıxması üçün əlimdən gələni edəcəm.

 

- Artıq 27 yaşınız var. Furbolçu üçün ən ideal dövr sayılır: sürət də hələ ki yerindədi, üstəlik, düşüncə də ideal vəziyyətə çatıb. Dolayısı ilə "Nürnberq" karyerası Mahirin yaşının qızıl dövrünə düşür. Hamının gözlədiyi "partlayış" baş tutacaqmı?
- Futbolda hazırda yaş amili önəm kəsb etmir. Ona görə də Almaniyada ikinci nəfəsimin açılacağına və daha yaxşı performans sərgiləyəcəyimə inanıram. "Nürnberq"də özümü göstərmək üçün hər cür şərait var. Klub rəhbərliyindən tutmuş ən aşağı vəzifəli şəxslərə qadər hamı mənə dəstək olur.

 

- Sentyabrda start götürəcək Millətlər Liqasınadək optimal formanızı yığa biləcəksiniz?
- Millinin sentyabrdakı toplanışına qoşulub-qoşulmayacağım bəlli deyil. Klubumla AFFA atasında danışıqlar olub. Amma hələ qərar verilməyib. Ehtimal var ki, zədəm tam sağaldıqdan sonra optimal formaya düşməyim üçün "Nürnberq" düşərgəsində qalım.

 

- Millimizin yeni baş məşqçisi sizinlə təmasda olub?
- Fernandu Santuşla hələlik təmasda olmamışıq. Mütəxəssisdən də hər hansı zəng gəlməyib. Amma federasiya daim mənimlə maraqlanır, Alman klubuna keçidimlər bağlı da dəstək verib, təbrik etdilər.

 

- Millətlər Liqasından nə gözləyirsiniz, azərbaycanlı futbolsevərlər nə gözləsin?
- Yığmamızın Millətlər Liqasında özünü yaxşı tərəfdən göstərəcəyinə inanıram. Oyun planında millidə çox şeyi yaxşılaşdırmışıq. Qalıb nəticələr qazanmağımız. İlk fitdən son fitə kimi döyüşməliyilik. Rəqiblərimiz güclüdü, amma biz də təslim olası deyilik. Sadəcə bizə vaxt və inam lazımdı. Zamanla qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.