Azərbaycan millisinin hücumçusu Mahir Emreli Malta yığması ilə oyundan sonra (0:2) jurnalistlərin suallarını cavablandırıb.
- Malta millisinə məğlub oldunuz. Oyunu necə şərh edərdin?
- Birinci hissədə oyuna nəzarət edirdik, yaxşı çıxış edirdik. Ümumilikdə, baş məşqçinin tapşırıqlarını yerinə yetirirdik. Xüsusilə də topa nəzarət baxımından. Hissənin əvvəlində bir qədər zəif oynadıq. Lakin sonra yenidən toparlandıq. Yaratdığımız imkanlardan yararlana bilmədiyimiz üçün məyusuq. Sonuncu dəfə bir oyunda bu qədər qol vəziyyəti yaratdığımızı xatırlamıram.
- Ağır məğlubiyyət olması ilə bağlı razısan?
- Hər məğlubiyyət ağırdır. Xüsusilə də milli komandada oynayanda. Klubda tez-tez meydana çıxırsan və vəziyyəti düzəltmək üçün həmişə imkan olur, millidə isə hər şey fərqlidir. Ümid edirəm ki, bu oyundan nəticə çıxaracağıq və San-Marino ilə görüşdə daha yaxşı çıxış edəcəyik.
- Belə demək olarmı ki, növbəti rəqib San Marino bu məğlubiyyətin əvəzini çıxmaq üçün yaxşı şansdır?
- Bəli, qələbə qazanmaq və istirahətə yaxşı əhval-ruhiyyə ilə yollanmaq üçün fürsətdir. Qalib gəlmək vacib olacaq. Amma bu o demək deyil ki, artıq istirahəti düşünürük. Hamı gördü ki, komanda meydanda maksimum gücünü ortaya qoydu.
- Birinci hissədə bir neçə qol epizodunuz oldu. Hiss olunurdu ki, qol vurmaq istəyiniz böyükdür...
- Əlbəttə. Klubda az oynayıram və ümumiyyətlə, bu, mənim ən uğursuz mövsümümdür. Oyun praktikası baxımından çox az şans əldə etmişəm. Daha çox qaçmağa çalışırdım, müdafiəyə də kömək edirdim. Fiziki cəhətdən komandaya daha çox fayda verə biləcəyimi hiss edirdim. Qaçırdığım fürsətləri də məhz oyun praktikasının azlığı ilə əlaqələndirirəm. Həm klubda, həm də şəxsi həyatımda çətin mövsüm keçirdim. Psixoloji baxımdan da asan olmadı. Azərbaycan millisindən dəvət almaq mənə bu mənada çox kömək edir. Öz insanlarının arasında olmaq çox önəmlidir.
- "Kayzerslautern"dəki gələcəyinizlə bağlı qərar vermisən?
- Əgər belə davam etsə, bu klubda qalmayacağam. Bu barədə ilk olaraq komandanın baş məşqçisi mətbuata açıqlamasında danışıb. Millidə keçirdiyim bu oyunlar mənim üçün vacibdir ki, özümü göstərim və yaxşı fiziki formada olduğumu sübut edim. Sadəcə, daha çox oyun praktikası lazımdır. Menecerim gələcəyimlə bağlı məsələlərlə məşğul olur, amma reallıq budur ki, mənim klubla daha iki illik müqaviləm var. Hələlik qalacağımı, yoxsa ayrılacağımı dəqiq demək çətindir. Bunun üçün hər iki tərəfin razılığı lazımdır.
- Vətənə qayıtmaq barədə düşünmürsünüz?
- Bəlkə də ötən mövsüm qayıda bilərdim. Amma belə uğursuz mövsümdən sonra bunu etmək istəmirəm. Haqqımda "alınmadı, ona görə geri döndü" demələrini istəmirəm. Hazırda məqsədim xaricdə qalmaq və müntəzəm oynamaqdır.