"Bu klubun bir parçası olduğum üçün çox xoşbəxtəm". Sport24.az xəbər verir ki, bu sözləri Almaniya təmsilçisi "Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "SWR Sport"a açıqlamasında deyib.

28 yaşlı hücumçu ev oyunlarını keçirdikləri stadionda mövsümün başlamasını səbirsizliklə gözlədiyini söyləyib:

"Nürnberq"də çıxış edərkən hazırkı komandamla oyunda atmosferə və azarkeşlərə aşiq oldum. Rəqib olsam da, orada oynamaq çox əyləncəli idi. Biz oraya getdiyimiz zaman hər şey qırmızı və şeytan loqolarına bürünmüşdü. Komanda yoldaşlarımla zarafatlaşdım: "Biz cəhənnəmə gedirik?"

O, bir neçə təklif olmasına baxmayaraq "Kayzerslautern"i seçməsinin səbəbini də açıqlayıb:

"Rəhbərliklə danışdıqdan sonra onların futbol planlarını da bəyəndiyimi başa düşdüm. Ən çox bəyəndiyim onların ambisiyaları idi. Hər kəs bu klubun daha çox nailiyyətlər əldə etməsini arzulayır. Bu, məni heyran etdi".

"Ən önəmli olan komandanın oyunlarda qalib gəlməsidir. Mən daha çox qaçan və mübarizə aparan oyunçuyam. Təbii ki, qapıya zərbələr vurmaq istəyirəm. Heç kim qol vurmağı məndən çox sevmir. Amma ən vacib olan komandamın qalib gəlməsidir"

Emreli azarkeşlər haqqında da danışıb: "Matç zamanı fanatlarla əylənmək istəyirəm. Bəzən bir az çılğına dönürəm, qışqırıram və onları alqışlayıram. Biz mübarizə aparmalıyıq və azeşləri sevindirmən üçün əlimizdən gələni etməliyik".