AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan "Məktəbli Qızlar" turnirinə Lənkəranda start verilib. Sport24.az xəbər verir ki, E qrupu üzrə ilk oyunlar mərkəz seçilmiş Şilavar kənd tam orta məktəbində keçirilib və 4 komanda mübarizə aparıb.

 

Əvvəlcə Şiləvar kənd tam orta məktəbi və Xarici Dillər Təmaüllü İnternat tipli (XDT) gimnaziya arasında oyun baş tutub, ardından 8 və 7 saylı məktəblərin komandaları qarşılaşıb.

 

F qrupunun ilk matçları isə 4 komandanın iştirakı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil olunub. Əvvəlcə Sütəmurdov və 4 saylı məktəblərin, ardından isə 10 və 3 saylı məktəblərin komandaları qarşılaşıblar.

 

Turnirin açılış mərasimində AFFA-nın Qadın Futbolu departamentinin mütəxəssisləri, Lənkəran şəhəri üzrə Təhsil sektorunun aparıcı məsləhətçisi, məktəbdənkənar və tərbiyə işlərinin kuratoru Cəmil Axundzadə, həmçinin Şilavar və Sütəmurdov kənd tam orta məktəblərinin direktorları Elnur Əsədli və Kamran Əliyev çıxış edərək, bütün iştirakçılara uğurlar arzulayıblar.

 

Qeyd edək ki, "Məktəbli Qızlar" turniri 7-9 yaşlı qızlar üçün nəzərdə tutulmuş pilot layihədir. İlkin olaraq bu mövsüm layihənin 2 regionda - Bakı üzrə seçilmiş 20 dövlət və özəl məktəbdə və Lənkərandan 10 məktəbdə keçirilməsi planlaşdırılır. Turnirin təşkilində əsas məqsəd növbəti mövsüm AFFA U-10 Qızlar Liqasını yaratmaqla qızlar arasında erkən yaşlardan futbola marağın yaradılması və gələcəkdə aşağı yaş qrupu üzrə millilərə yeni futbolçuların cəlb edilməsidir.